Dünyanın bu günü - 29.09.2020

NİKOLAY OSTROVSKİ

(1904-1936)

 

Sovet yazıçısı Nikolay Alekseyeviç Ostrovski 1904-cü il sentyabrın 29-da Ukraynanın Volınsk quberniyasının Viliya kəndində anadan olub. İlk təhsilini kilsə məktəbində alıb. 1919-cu ildə könüllü olaraq cəbhəyə gedib. Kiyev şəhərində dəmir yolu tikintisində işləyib. 1927-ci ildə cəbhədə aldığı yara və ağır iş şəraitindən əzələlərin tədricən sümükləşməsi xəstəliyinə tutulub. Əvvəlcə iflic olub, iki il sonra isə görmə qabiliyyətini itirib. "Fırtınadan doğulmuşlar", "Polad necə bərkidi" və bir çox əsərlərin müəllifidir. Əsərləri 100-dən çox dildə, o cümlədən Azərbaycan dilində dəfələrlə nəşr olunub. 1935-ci ildə “Lenin” ordeni ilə təltif olunan Nikolay Ostrovski 1936-cı il dekabrın 22-də Moskva şəhərində vəfat edib və Novodeviçye qəbiristanlığında dəfn olunub.

 

 

AZAD MİRZƏCANZADƏ

(1928-2006)

 

Azərbaycanın əməkdar elm və texnika xadimi, texniki elmlər doktoru, akademik Azad Xəlil oğlu Mirzəcanzadə 29 sentyabr 1928-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində təhsil alıb və dağ mühəndisi ixtisasına yiyələnib. Müxtəlif illərdə baş laborant, kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri, laboratoriya müdiri, direktor, dosent və professor vəzifələrində çalışıb. 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olub, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik edib. 400-dək elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifidir. Elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirib. Bir çox medal və ordenlərlə təltif olunan Azad Mirzəcanzadə 2006-cı il iyulun 17-də Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

CAVAN ZEYNALLI

(1945)

 

Azərbaycanın xalq artisti, müğənni, cazmen Cavanşir Mirzəməmməd oğlu Zeynallı 1945-ci ilin bu günü Bakıda dünyaya gəlib. 7 illik musiqi məktəbində, Asəf Zeynallı adına musiqi texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Mahnı Teatrında solist işləyib, 1976-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının solist-vokalçı kimi fəaliyyət göstərib. 1979-2001-ci illərdə "Qaya" Dövlət ansamblının solisti olub. Bakı, Moskva, Latviya, Almaniya və Polşada keçirilən beynəlxalq caz festivallarının iştirakçısı olub. Cavan Zeynallı 21 dekabr 2015-ci ildə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

 

ELDAR AĞAYEV

(1955-2013)

 

Azərbaycanın Milli Qəhrəmanı Eldar Əsgər oğlu Ağayev 1955-ci il sentyabrın 29-da Tiflis şəhərində dünyaya gəlib. Bakı Ümumqoşun Komandirlər Məktəbində, Solneçnoqorsk şəhərində Ali Zabitlər Kursunda təhsil alıb. 1976-cı ildə motoatıcı ixtisası ilə Kalininqrad vilayətinin Qusev şəhərində hərbi xidmətə başlayıb. Xidmət yolu Rusiya, Əfqanıstan və Almaniyadan keçib. 1992-ci ildə Milli Ordunun tərkibində özünün yaratdığı 775-ci reyd dəstəsinin komandiri kimi fəaliyyətə başlayıb, bir müddət sonra isə 776-cı kəşfiyyat taborunu yaradıb və onun komandiri olub. 1995-ci ilin mart ayında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı göstərdiyi şücaətə görə Azərbaycan Prezidentinin 4 aprel tarixli fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Azərbaycan Texniki Universitetində hərbi kafedranın, Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində kəşfiyyat kafedrasının rəisi, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Təlim-Tədris Mərkəzinin rəis müavini vəzifələrində çalışıb. "Qırmızı Ulduz", "İgidliyə görə" və "Azərbaycan Bayrağı" ordenləri ilə təltif olunan polkovnik Eldar Ağayev 2013-cü il mayın 17-də vəfat edib.

 

 

ZAKİR YUSİFOV 

(1956-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Zakir Tofiq oğlu Yusifov 29 sentyabr 1956-cı ildə Bakı şəhərində doğulub. 194 saylı məktəbdə, Sasovski adına Mülki Təyyarəçilik Məktəbində və Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Yevlax aviadəstəsində əmək fəaliyyətinə başlayıb. AN-2 təyyarəsinin komandiri, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, uçuşu təşkil və təminetmə müfəttişliyinin təyyarəçi-müfəttişi olub. Respublikada ilk hərbi vertolyot eskadrilyasının yaradılması nə qədər ağır və çətin iş olsa da, Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevlə birlikdə bu işi öz öhdəsinə götürüb. Yüzdən artıq hərbi uçuş keçirərək Əsgəran, Füzuli, Xocavənd, Tərtər, Ağdərə və Şuşakənd uğrunda gedən döyüşlərdə iştirak edib. 11 oktyabr 1992-ci ildə Səfiyan kəndində növbəti əməliyyat zamanı onun vertolyotu vurulub və bütün heyət həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. 194 saylı orta məktəb və Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır.

 

 

SƏNAN AXUNDOV

(1979-2016)

 

Şəhid Sənan Tahir oğlu Axundov 1979-cu ilin bu günü Füzuli şəhərində anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbində, Almaniya Hərbi Akademiyasında və Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Müdafiə Nazirliyində fəaliyyətə başlayıb. Polkovnik-leytenant Sənan Axundov 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı işğaldan azad olunan Lələtəpədə minaya düşüb və aprelin 18-də şəhid olub. Beyləqan şəhərində yerləşən "Cərcis Peyğəmbər" məzarlığında dəfn olunub.

 

 

PƏNAHİ MAKULU

(1900-1971)

 

Azərbaycan yazıçısı Abbas Hacı Ələkbər oğlu Pənahi Makulunun anım günüdür. O, 1900-cü il mayın 1-də Güney Azərbaycanın Maku şəhərində ziyalı ailəsində anadan olub. İlk təhsilini Xoy şəhər mədrəsəsində, sonra müasir tipli “Xeyriyyə” məktəbində alıb. 15 yaşından ana dilində satirik şeirlər yazmağa başlayıb. “Pərişan” adlanan, sonralar “Sirli çoban” adı altında çap olunan ilk nəsr əsəri “Yeni fikir” qəzetinin keçirdiyi müsabiqədə ikinci yeri tutub. 1936-cı ildə siyasi görüşlərinə görə həbs olunaraq Zəncana sürgün edilib. Daha sonra Seyid Cəfər Pişəvərinin Azərbaycan Demokratik Firqəsinə üzv olub, partiyanın rəhbər orqanlarına seçilib, Milli Hökumətdə Siyasi İdarənin rəisi olub. 1946-cı ildə Milli Hökumət devrildikdən sonra Bakıya gələn yazıçı bundan sonra bütün ömrünü Quzey Azərbaycanla bağlayıb. “Mübarizlər”, “Səttarxan”, “Gizli zindan”, “Xiyabani”, “Heydər Əmioğlu”, “Xacələr”, "Təbriz Gecələri" və başqa əsərlərin müəllifidir. Pənahi Makulu 1971-ci il sentyabrın 29-da Bakıda vəfat edib.

 

 

ŞƏMSİ RƏHİMOV

(1924-1994)

 

Azərbaycanın hərbi və dövlət xadimi, polkovnik Şəmsi Nuru oğlu Rəhimovun xatirə günüdür. O, 1924-cü il dekabrın 18-də Qərbi Azərbaycanın Qafan rayonunun Gövdəkli kəndində müəllim ailəsində anadan olub. 1942-ci ildə sovet ordusu sıralarına çağırılıb. Müxtəlif illərdə ordu sıralarında vzvod komandiri, Bakı və Gəncədəki hərbi hissələrdə Dövlət Təhlükəsizlik Komitəsinin əməliyyat işçisi, sonra rəhbər işçilərindən olub. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1985-ci ildə istefaya çıxıb və 1990-cı ilədək mülki vəzifələrdə işləyib. 1994-cü ildə Azərbaycan Prezidenti yanında Xüsusi İdarənin rəisi təyin edilib. “Qırmızı Bayraq”, iki “Qırmızı Ulduz”, I dərəcəli “Vətən müharibəsi” ordenləri və 14 medalla təltif edilib. Şəmsi Rəhimov 29 sentyabr 1994-cü ildə sui-qəsd nəticəsində qətlə yetirilib və Fəxri Xiyabanda dəfn edilib.

 

 

ZİYA YUSİFZADƏ

(1929-2015)

 

Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin 7-ci sədri Ziya Məmmədiyyə oğlu Yusifzadə də bu gün xatırlanır. O, 1929-cu il fevralın 15-də Şəkidə anadan olub. 1945-ci ildə Zaqatalada orta məktəbi, 1952-ci ildə isə Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə bitirib. DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, DTK sədrinin I müavini və sədri, Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifələrində çalışıb. 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi alıb. 1999-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına rəis təyin edilib. Ziya Yusifzadə 2015-ci ilin sentyabrında Bakı şəhərində dünyasını dəyişib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

FAMİL MEHDİ

(1934-2003)

 

Azərbaycan şairi, tənqidçi, publisist, filologiya elmləri doktoru, professor Famil Ağalar oğlu Mehdinin anım günüdür. O, 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib və ömrünün sonunadək həmin ali məktəbdə dərs deyib. Fəal pedaqoji, elmi və ictimai işlə məşğul olub. Qarabağ müharibəsinin ilk günlərindən "Nicat" cəmiyyətini yaradıb və Vətənin müdafiəsinə qalxan könüllülər arasında stimul yaratmaq məqsədilə cəmiyyət adından "General Məhəmməd Əsədov" mükafatı təsis edib. Famil Mehdi 2003-cü il sentyabrın 29-da Bakıda vəfat edib.

 

 

AFİYƏDDİN CƏLİLOV

(1946-1994)

 

Azərbaycanın görkəmli dövlət və siyasi xadimi Afiyəddin Cəlil oğlu Cəlilovun xatirə günüdür. O, 1946-cı il yanvarın 8-də Naxçıvan şəhərində doğulub. 1969-cu ildə Leninqrad Dağ-Mədən İnstitutunu, 1981-ci ildə Moskvada Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib. Bir sıra yüksək dövlət vəzifələrində, o cümlədən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Ali Sovetinin sədr müavini və Azərbaycan Prezidentinin müşaviri vəzifələrində çalışıb. 1994-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının vitse-prezidenti seçilib. Afiyəddin Cəlilov 29 sentyabr 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib və Fəxri Xiyabanda dəfn olunub.

Müəllif | Apa.Tv
Apa.tv