Dünyanın bu günü - 29.10.2020

TÜRKİYƏNİN CÜMHURİYYƏT GÜNÜ

(1923)

 

29 oktyabr - Türkiyədə respublika quruluşunun elan olunduğu gündür. Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün liderliyi ilə Türkiyə xalqı 1919-cu il mayın 19-da milli qurtuluş savaşına başlayıb. Bu tarixi şərəfli mücadilənin nəticəsi olaraq 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisinin qərarı ilə Osmanlı dövləti ləğv edilib və indiki Türkiyə Cümhuriyyəti elan olunub. Ərazisi 783 562,4 km² olan Türkiyənin 3 faizi Avropa, 97 faizi Asiya qitəsindədir. Ölkə 7 coğrafi ərazi və 81 vilayətdən ibarətdir. Paytaxtı Ankara şəhəridir. Rəsmi dili türk dili olan Türkiyənin bayrağı qırmızı parça üstündə ağ rəngli aypara və beş guşəli ulduzdan ibarətdir. Ölkə şərqdən İran, Azərbaycan, Gürcüstan və Ermənistan, cənubdan Suriya və İraq, qərbdən Yunanıstan və Bolqarıstanla sərhəddir.

 

 

AN-2 TƏYYARƏSİNİN VURULMASI

(1991)

 

1991-ci il oktyabrın 29-da erməni silahlıları tərəfindən Azərbaycana məxsus An-2 təyyarəsi vurulub. Təyyarənin komandiri Əsəd Əsədov 7 nəfər uçuş və texniki heyətlə Yevlax aeroportundan səmaya qalxıb, Xocalı aeroportunda enib. Geriyə uçarkən təyyarə Xocalı rayonunun Xanabad kəndi ərazisində düşmən tərəfindən “Alazan” raketi ilə vurulub. Hadisə zamanı heyət üzvlərinin hamısı həlak olub. Onlardan 2-si təyyarəçi, 5 nəfər isə Xocalı aeroportunda çalışan heyət olub.

 

 

NƏCMƏDDİN ƏRBAKAN

(1926-2011)

 

Türkiyənin 23-cü baş naziri Nəcməddin Ərbakan 1926-cı il oktyabrın 29-da Türkiyənin Sinop şəhərində anadan olub. İstanbul Texniki Universitetində təhsil alıb. Müxtəlif illərdə Türkiyə Palatalar və Birjalar İttifaqının baş katibi, üç koalisiya hökumətində Baş nazirin müavini və baş nazir vəzifələrində çalışıb. 1970-ci ildə Milli Nizam Partiyasını, 1972-ci ildə Milli Salamatlıq Partiyasını yaradıb. 1995-ci ildə keçirilən seçkilərdə onun rəhbərlik etdiyi Rifah Partiyası Türkiyə Böyük Millət Məclisində 158 deputat yeri qazanaraq birinci olub və Rifah-Yol hökumətində bir il Türkiyənin 23-cü Baş naziri kimi fəaliyyət göstərib. 2010-cu ildən ömrünün sonuna qədər Səadət Partiyasının sədri olub. Nəcməddin Ərbakan 2011-ci il fevralın 27-də Ankarada vəfat edib və İstanbulda dəfn olunub.

 

 

RAUF ABDULLAYEV

(1937)

 

Azərbaycanın xalq artisti, dirijor, professor Rauf Canbaxış oğlu Abdullayev 29 oktyabr 1937-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında və Leninqrad Dövlət Konservatoriyasında dirijorluq üzrə təhsil alıb. Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, Müasir Musiqi Kamera Orkestrinin və BaKaRa ansamblının yaradıcılarından biri, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Ankara Dövlət Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru, beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrin iştirakçısı olub. 20 ildən artıq bir müddətdə teatrın baş dirijoru kimi 30-a yaxın opera və balet tamaşalarına dirijorluq edib. Repertuarına bir çox Qərbi Avropa, Rusiya və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. Rauf Abdullayev baş dirijor kimi çalışdığı Ankara Opera və Balet Teatrında dirijorluq fəaliyyətinə görə iki dəfə Türkiyədə "İlin ən yaxşı dirijoru" adına, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenlərinə, "Qızıl Çinar" beynəlxalq mükafatına və bir çox fəxri adlara layiq görülüb. O, Azərbaycanın xalq artisti, dirijor Kamal Abdullayevin qardaşıdır.

 

 

AĞAXAN SALMANLI

(1941-2020)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Ağaxan Əli oğlu Salmanlı 1941-ci ilin bu günü Suraxanıda anadan olub. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində alıb, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda oxuyub. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir çox film və tamaşalarda yaddaqalan obrazlar yaradıb. 2012, 2014 və 2015-ci illərdə Prezident Mükafatına layiq görülüb. Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilib, 2016-cı ildə Azərbaycanın Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Ağaxan Salmanlı 29 fevral 2020-ci ildə Bakıda vəfat edib və Suraxanı qəbiristanlığında dəfn olunub.

 

 

ŞAHİN CƏBRAYILOV

(1949-2007)

 

Aktyor Şahin Cəbrayılov 1949-cu il oktyabrın 29-da Bakıda anadan olub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. Əsasən epizodik rollarda çəkilib. "Kökdən düşmüş piano", "Qatarda", "Topal Teymur", "Yol əhvalatı", "Alman klinikasına şəxsi səfər", "Qızıl uçurum", "Özgə ömür" və bir çox kino və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb. Ən yaddaqalan obrazı "Kökdən düşmüş piano" tamaşasındakı Nərimandır. Səhhətində yaranan ciddi problemlər üzündən 1995-ci ildə səhnədən uzaqlaşan Şahin Cəbrayılov 2007-ci il sentyabrın 5-də dünyasını dəyişib. O, aktyor Elşən Cəbrayılovun atasıdır.

 

 

ABDULLA GÜL 

(1950)

 

Türkiyənin 11-ci prezidenti Abdulla Gül 29 oktyabr 1950-ci ildə Kayseridə anadan olub. Kayseri liseyini və İstanbul Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Universitetdən məzun olduqdan sonra doktorluq dissertasiyasını müdafiə etmək üçün London və Ekseterdə staj keçib. Türkiyəyə qayıtdıqdan sonra Sakarya Universitetində Sənaye mühəndisliyi bölməsinin təsis edilməsində iştirak edib və iqtisadiyyatdan mühazirə oxuyub. 1983-1991-ci illər arasında mərkəzi Ciddədə yerləşən İslam İnkişaf Bankının müşaviri olub. 1991-ci ildə keçirilən erkən parlament seçkilərində Kayseridən Türkiyə Böyük Millət Məclisinə Rifah Partiyasının deputatı seçilib. Rifah Partiyası sədrinin xarici işlər üzrə müavini, Fəzilət Partiyasının millət vəkili, Ədalət və İnkişaf Partiyası sədrinin müavini və Türkiyənin baş naziri vəzifələrində çalışıb. 14 mart 2003-cü ildə Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanın baş nazirli ilə qurulan yeni kabinetdə Baş nazirin müavini və xarici işlər naziri olub, 2007-ci il avqustun 28-dən isə Prezident vəzifəsinin icrasına başlayıb və 7 il bu vəzifədə çalışıb. Abdulla Gül Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.

 

 

FƏRQƏT TUXTAMIŞEV

(1958-1990)

 

20 Yanvar şəhidi Fərqət Şərəfullayeviç Tuxtamışev 1958-ci ilin bu günü Bakıda anadan olub. Milliyyətcə tatardır. Bakı elektrik maşınqayırma zavodunda yığıcı çilingər işləyib. Fərqət Tuxtamışev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə iş yoldaşları ilə birlikdə Salyan kazarmasının yanında sovet əsgərləri tərəfindən açılan atəşlə başından yaralanaraq həlak olub və Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

ƏDALƏT MƏMMƏDOV

(1961-1992)

 

Şəhid Ədalət Həsən oğlu Məmmədov 1961-ci il oktyabrın 29-da Laçın rayonunun Zabux kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1979-1981-ci illərdə sovet ordusunda hərbi xidmətdə olub. Mərdəkandakı milis (polis) məktəbində təhsil alıb. 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsinə qalxıb. Laçın rayonu, Seyidlər, Birinci Tığik, İkinci Tığik, Bülüldüz, Narışlar, Pircahan, Kürdhacı, Oğuldərə və başqa kəndlər uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Baş serjant Ədalət Məmmədov 1992-ci il oktyabrın 11-də Hoçaz yüksəkliyinin alınması uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub və Göyçay rayonunda dəfn olunub. İki övladı yadigar qalıb.

 

 

ƏSƏD ƏSƏDOV

 (1956-1991)

 

Azərbaycanın Milli Qəhrəmanı Əsəd Soltan oğlu Əsədovun anım günüdür. O, 1956-cı il martın 22-də Zəngilan rayonunun Turabad kəndində doğulub. 1975-ci ildə Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra sovet ordusu sıralarına çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra Saratov vilayətinin Krasnokutsk şəhərindəki Təyyarəçilik Məktəbinin mülki aviasiya şöbəsinə daxil olub. 1976-cı ildə təyyarəçiliyin uçuş istismarı peşəsinə yiyələnərək, Yevlax Mülki Aviasiya İdarəsində öz ixtisası üzrə işləməyə başlamışdır. Erməni işğalçılarının torpaqlarımıza təcavüzü başlayandan sonra təcrübəli təyyarəçi kimi dəfələrlə döyüş bölgələrinə uçuşlar edib və düşmənin layiqli cavabını verib. 1991-ci il oktyabrın 29-da komandirlik etdiyi An-2 təyyarəsi Xocalı aeroportundan Yevlaxa geri qayıdarkən Xocalı rayonunun Xanabad kəndi ərazisində düşmən tərəfindən “Alazan” raketi ilə vurulub. Cəsur komandir Əsəd Əsədov heyət üzvləri ilə birlikdə həlak olub və Zəngilan rayonunda dəfn edilib.

 

 

HİKMƏT MURADOV

 (1969-1991)

 

Azərbaycanın Milli Qəhrəmanı Hikmət Oqtay oğlu Muradovun xatirə günüdür. O, 23 yanvar 1969-cu ildə Bakıda doğulub. 1976-1986-cı illərdə 190 saylı orta məktəbdə təhsil alıb. Həmin il Krasnokustk Mülki Aviasiya Məktəbinə daxil olub. 1991-ci ildə buranı fərqlənmə diplomu ilə bitirib, daha sonra Yevlax Mülki Aviasiya İdarəsində ikinci pilot kimi fəaliyyətə başlayıb. 29 oktyabr 1991-ci ildə Xocalı rayonunun Xanabad kəndi ərazisində idarə etdiyi An-2 təyyarəsi ermənilər tərəfindən raket atəşinə məruz qalıb. Hikmət Muradov heyət üzvləri ilə birlikdə həlak olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

AZAD SADIQOV 

(1968-1991)

 

Şəhid Azad Əli oğlu Sadıqov da bu gün xatırlanır. O,  1968-ci il noyabrın 10-da Yevlax şəhərində anadan olub. Burada 15 saylı dəmiryol məktəbində, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, Celyabinsk Politexnik İnstitutunun Əlvan Metallar fakültəsində və Azərbaycan Hava Yolları Konserninin Təlim-Tədris Mərkəzində Hava Hərəkətinin İdarə olunması ixtisası üzrə dispetçerlik təhsili alıb. Çelyabinsk şəhərinə hərbi xidmətdə olub. 29 oktyabr 1991-ci ildə Xocalı aeroportunda xidməti vəzifəsini yerinə yetirdikdən sonra An-2 təyyarəsində Yevlax aeroportuna geri qayıdan zaman ermənilərin atdığı raketə tuş gəlib və həlak olub. Azad Sadıqov Bakının Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

ANAR BABAŞOV 

(1972-1992)

 

Şəhid Anar Əlibaba oğlu Babaşovun anım günüdür. O, 1972-ci il 15 dekabrda Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanıb və bir sıra döyüşlərə iştirak edib. 1992-ci il oktyabrın 29-da Ağdam rayonu istiqamətində gedən qızğın döyüşlər zamanı şəhid olub və Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 9 mart 2007-ci il tarixli 2019 nömrəli fərmanı ilə Anar Babaşov ölümündən sonra "Hərbi xidmətə görə" medalı ilə təltif edilib.

Müəllif | Apa.Tv
Apa.tv