Dünyanın bu günü - 29.12.2020

ƏZİZƏ CƏFƏRZADƏ

(1921-2003)

 

Azərbaycanın xalq yazıçısı, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Əzizə Məhəmməd qızı Cəfərzadə 29 dekabr 1921-ci ildə Bakıda anadan olub. İbtidai təhsilini 25 nömrəli məktəbdə alıb. Daha sonra təhsilini Teatr Texnikumunda və ikiillik Müəllimlər İnstitutunda davam etdirib. Təyinatla Ağsu rayonunun Çaparlı kəndində müəllim işləyib. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında Ssenari şöbəsinin müdiri, Teatr Texnikumunun müdiri, Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi və şöbə müdiri işləyib. 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru olub. XX əsr Azərbaycan nəsrində onun yaradıcılığının xüsusi yeri var. “Aləmdə səsim var mənim”, “Bakı-1501”, “Vətənə qayıt”, “Bir səsin faciəsi”, “Zərrintac-Tahirə”, “Rübabə sultanım”, “Xəzərin göz yaşları” və başqa əsərlərin müəllifidir. Əzizə Cəfərzadə 4 sentyabr 2003-cü ildə vəfat edib və öz vəsiyyəti ilə Hacıqabul rayonunun Tağılı kəndində dəfn edilib.

 

 

SADIQ HÜSEYNOV

(1924-2003)

 

Azərbaycanın əməkdar artisti, aktyor Sadıq Ömər oğlu Hüseynov 1924-cü il dekabrın 29-da Kürdəmir rayonunun Atakişili kəndində anadan olub. Hələ ibtidai məktəbin dördüncü sinfində oxuyarkən Kürdəmir şəhər Mədəniyyət Evində fəaliyyət göstərən xalq teatrına üzv olub. Yuxarı sinifdə oxuyarkən məktəblərdə müəllim çatışmazlığı səbəbindən müəllim işləməli olub. Teatr İnstitutunda təhsil aldıqdan sonra görkəmli rejissor Adil İsgəndərovun dəvəti ilə 1952-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət alıb. Sonralar “Azərbaycanfilm” kinostudiyasında işləyib, Azərbaycan Televiziyası və Radiosunda uşaq verilişlərində aparıcılıq edib və uşaqların sevimli “Savalan baba”sına çevrilib. Sadıq Hüseynov 2003-cü il iyunun 1-də Bakı şəhərində vəfat edib.

 

 

PÜSTƏXANIM ƏZİZBƏYOVA 

(1928-1998)

 

Azərbaycan EA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor Püstəxanım Əzizağa qızı Əzizbəyova 1928-ci ilin bu günü Bakıda do­ğul­ub. Azərbaycan Dövlət Uni­ver­si­tetinin Tarix fakültə­sində təhsil alıb. Lenin Mu­ze­yin­də ekskursi­yaçı, 26 Bakı Komissarlarından biri olan babası Mə­şədi Əzizbəyovun ev-muzeyinin direktoru, Azərbaycan Tarixi Mu­zeyinin Ən yeni tarix şöbə­sinin müdiri və direktoru vəzifəsində çalışıb. Bakının müxtəlif ali mək­təb­lə­rin­də dərs de­yib, uzun müddət Ümum­it­ti­faq “Bilik” Cəmiyyətinin Bakı bölmə­sinə baş­çı­lıq edib. Bir çox mo­no­qra­fiya və müxtəlif həcmli nəşrlərin, o cüm­lə­dən 300-ə yaxın məqalənin müəllifidir. “Qırmızı Əmək Bay­rağı”, “Şərəf nişanı” ordenləri, “Rəşa­dətli əmə­­­yə görə” medalı, Azərbaycan SSR Ali So­ve­ti Rəyasət Heyətinin iki Fəxri Fər­manı ilə təl­tif olunan Püstəxanım Əziz­­bəyova 1998-ci il yanvarın 8-də Bakıda vəfat edib.

 

 

KAMİL NƏCƏFZADƏ

(1929-2011)

 

Azərbaycanın xalq rəssamı Kamil Nəcəf oğlu Nəcəfzadə 29 dekabr 1929-cu ildə Lənkəran şəhərində doğulub. 1948-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi başlayıb. Rəngkarlıq, qrafika və teatr sənətində də öz sözünü deyib. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Rəssamlar İttifaqının üzvü olub. "Şöhrət" ordeninə və iki dəfə Dövlət Mükafatına layiq görülüb. Kamil Nəcəfzadə 29 iyun 2011-ci ildə Bakıda vəfat edib. O, əməkdar incəsənət xadimi, kinorejissor Şamil Nəcəfzadənin atasıdır.

 

 

SARA NƏZİROVA

(1944-2014)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, yazıçı-publisist və jurnalist Sara Mollaçı qızı Nəzirova 1944-cü il dekabrın 29-da Oğuz rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda, Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda və Fransanın Lill şəhərində Avropa Beynəlxalq Jurnalist Məktəbində təhsil alıb. Azərbaycan Dövlət İncəsənət Muzeyində müşayiətçi, kiçik elmi işçi, filial müdiri, şöbə müdiri və baş elmi işçi vəzifələrində çalışıb. Əsərləri bir çox jurnallarda çap olunub. 2010-cu ildə ən yaxşı hekayə beynəlxalq müsabiqəsinin qalibi olub. “Batmış şəhərin incəsənəti”, “Nar nağılı”, “Qəsd”, “İçərişəhərin hamamları”, “Dost dosta tən gərək”, “Üfüqü ötənlər” filmləri onun ssenariləri əsasında çəkilib. Sara Nəzirova 22 iyun 2014-cü ildə Bakıda vəfat edib.

 

 

NÜSRƏT KƏSƏMƏNLİ

(1946-2003)

 

Şair-publisist Nüsrət Yusif oğlu Kəsəmənli 1946-cı ilin bu günü Qazax rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Müxtəlif illərdə müxbir, Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi, “Azərbaycanfilm” kinostudiyasında baş redaktor vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri, poeziya şurasının rəhbəri, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü olub. 1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlayıb. 150-dək şeirinə musiqi bəstələnib. “Boş kəndlərin harayı”, “Mövzu üzrə improvizasiya”, “Ənbizlərin keşiyində”, “Sovet Azərbaycanına səyahət” və başqa sənədli filmlərin, “Afroditanın qolları”, “Qarabağ əhvalatı” bədii filmlərin ssenari müəllifi olub. Azərbaycan Televiziyasında “Dünyaya pəncərə” sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olub. Nüsrət Kəsəmənli 17 oktyabr 2003-cü ildə Təbrizdə vəfat edib və Bakıda dəfn olunub.

 

 

FAİQ AĞAYEV

(1971)

Azərbaycanın xalq artisti, populyar estrada müğənnisi Faiq Balağa oğlu Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olub. Peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olub. Bu müsabiqədən sonra "Qızıl Payız-89" respublika müsabiqəsində, "Vitebsk-90" beynəlxalq və "Yalta-92" televiziya müsabiqələrində də diplomant olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra "Xarkov-95" və "Qızıl Şlyager" beynəlxalq müsabiqələrində də qalib gəlib. 1995-ci ildə müğənninin "Ola bilməz" adlı ilk albomu çıxıb. Faiq Ağayev bir çox nominasiyalar üzrə də mükafatlara layiq görülüb.

 

 

MURAD İBADOV 

(1993-2020)

 

Şəhid Murad Yusif oğlu İbadov 1993-cü dekabrın 29-da Qobustan rayonunun Cəyirli kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alıb, Bərdə korpusunda xidmət edib. 2016-cı il Aprel döyüşlərində iştirak etdikdən sonra Tərtər rayonundakı N saylı hərbi hissədə xidmətini davam etdirib. 2020-ci il sentyabrın 27-də başlamış İkinci Qarabağ Müharibəsinə baş leytenant kimi qatılıb. Suqovuşan döyüşündə iştirak edib. Murad İbadov keçmiş Ağdərə rayonu istiqamətində baş verən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

 

SÜRƏYYA AĞAOĞLU

(1903-1989)

 

Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlunun anım günüdür. O, 1903-cü ildə Şuşada anadan olub. Atası Əhməd bəy Ağaoğlu ilə birlikdə 1910-cu ildə Türkiyəyə mühacirət edib. Uşaqlıq və gənclik illəri Türkiyə Milliyyətçi Ocaqları və Mustafa Kamal Paşa Atatürkün yaxın dostları arasında keçib. İstanbul Qız Liseyində və İstanbul Hüquq Fakültəsində təhsil alıb. Türkiyədəki bir sıra ictimai təşkilatların yaradıcısı, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olub. Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin təməlini qoyub. Ömrünün sonuna qədər vəkilliklə məşğul olub. Bir sıra hüquqi məqalələrin, "Londonda gördüklərim" və "Bir ömür də belə keçdi" kitablarının müəllifidir. Sürəyya Ağaoğlu 1989-cu il dekabrın 29-da İstanbulda vəfat edib.

 

 

CƏMŞİD ƏMİROV

(1918-1982)

 

Azərbaycan ədəbiyyatında detektiv janrının banisi Cəmşid Cabbar oğlu Əmirovun xatirə günüdür. O, 10 fevral 1918-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Sənaye İnstitutunda təhsil alıb. “Azərbaycan idmançısı” qəzetində məsul katib, “Gənc işçi” qəzetində şöbə müdiri, “Bolşevik nefti” qəzetində məsul katib, “Əzizbəyovneft” trestində mühəndis-geoloq işləyib. İkinci Dünya müharibəsində Sovet Ordusunun tərkibində zabit kimi bir sıra ölkələrdə olub, bir sıra orden və medallara layiq görülüb. Ordudan tərxis ediləndən sonra “Azərbaycan gəncləri” qəzetində şöbə müdiri, “Sovet ticarəti” qəzetində xüsusi müdir, “Azneftnəşr”də baş redaktor, “Azərbaycan neft təsərrüfatı” jurnalında redaktor müavini, “Bakı” qəzetində şöbə müdiri işləyib. Bir müddət Bakı Maliyyə-Kredit Texnikumunda direktor olub, sonra fərdi təqaüdə çıxıb. Ədəbi yaradıcılığa 1940-cı illərdən oçerk, felyeton və hekayələrlə başlayıb. “Sahil əməliyyatı”, “Brilyant məsələsi”, “Qara “Volqa”, “Şəhər yatarkən” və başqa əsərlərin müəllifidir. Cəmşid Əmirov 1982-ci il dekabrın 29-da Bakıda vəfat edib.

 

 

ÇİNGİZ QURBANOV

(1994-2016)

 

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Salman oğlu Qurbanov da bu gün xatırlanır. O, 1994-cü il noyabrın 24-də Qusar rayonunun Həzrə kəndində anadan olub. Azərbaycan Texniki Universitetində təhsil alıb. 2016-cı ildə hərbi xidmətə yollanıb. Əsgər Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman düşmənin pusqusuna düşüb və son gülləsinə qədər döyüşərək şəhid olub. Onun nəşi 2017-ci il fevralın 5-də geri alınıb və Qusar şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 7 fevral 2017-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Müəllif | Apa.Tv
Apa.tv