Dünyanın bu günü - 30.01.2021

FRANKLİN DELANO RUZVELT 

(1882-1945)

 

Amerika Birləşmiş Ştatlarının 32-ci prezidenti Franklin Delano Ruzvelt 30 yanvar 1882-ci ildə Nyu-York ştatında anadan olub.  Harvard Universitetində və Kolumbiya Universitetində təhsil alıb. Hərbi Dəniz nazirinin köməkçisi,  Nyu-York ştatının qubernatoru vəzifələrdə çalışıb. 1932-ci ildə isə ABŞ-ın 32-ci prezidenti olub. O, 4 dəfə ABŞ prezidenti seçilmiş yeganə şəxsdir. 4-cü prezidentliyinin başlamasından qısa müddət sonra - 1945-ci il aprelin 12-də vəfat edib. Onun tarixi xidmətləri arasında "Böyük Depressiya"nın aradan qaldırılması, SSRİ ilə münasibətlərin yaxşılaşdırılması və İkinci Dünya müharibəsi dövründə Avropadakı müttəfiqlərini yaxından dəstəkləməsini qeyd etmək olar. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

 

 

TEYYUB AXUNDOV

(1920-1991)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, kinooperator, rejissor və ssenarist Teyyub Mirzəhəsən oğlu Axundov 1920-ci ilin bu günü Bakıda anadan olub. 14 yaşında kinostudiyaya gəlib və 1938-ci ilə qədər operator assistenti kimi fəaliyyət göstərib. Moskvada Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1954-cü ildə Azərbaycanın ilk rəngli bədii-sənədli filmi olan “Doğma xalqıma” adlı ekran əsərinin operatorlarından biri olub. “Mahnı belə yaranır”, “Sehrli xalat”, “Dağlarda döyüş”, “Od içində”, “Sülh uğrunda mübarizə”, “Onun 150 yaşı var”, “Çağırışa cavab” və başqa filmlərin quruluşçu operatoru və operatoru olub. Teyyub Axundov 1991-ci il dekabrın 3-də Bakıda dünyasını dəyişib.

 

 

ARAZ DADAŞZADƏ

(1936-1990)

 

Azərbaycanın əməkdar elm xadimi, tənqidçi və ədəbiyyatşünas Araz Dadaşzadə 1936-cı il yanvarın 30-da Bakı şəhərində akademik Məmməd Arif və görkəmli pedaqoq Zümrüd Axundovanın ailəsində anadan olub. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil olub, lakin həmin fakültə bağlandığından, təhsilini Tarix fakültəsində davam etdirib və 1957-ci ildə oranı bitirib. 1957-1960-cı illərdə Azərbaycan Tarixi Muzeyində işləyib. Ədəbiyyat sahəsindəki xidmətlərinə görə 1989-cu ildə əməkdar elm xadimi adına layiq görülüb. Tədqiqatları əsasən XVII-XVIII əsr Azərbaycan ədəbiyyatına aiddir. Molla Pənah Vaqifin həyat və yaradıcılığının araşdırılmasında mühüm xidmətləri olub. Uzun illər “Azərbaycan Sovet Ensiklopediyası” baş redaktorunun müavini vəzifəsində çalışıb. Araz Dadaşzadə 1990-cı il noyabrın 2-də vəfat edib və Bakıda II Fəxri Xiyabanda dəfn olunub.

 

 

İSLAM KƏRİMOV 

(1938-2016)

 

Özbəkistanın ilk prezidenti İslam Əbdülqəni oğlu Kərimov 1938-ci ilin bu günü Səmərqənd şəhərində anadan olub. Daşkənddə Orta Asiya Politexnik institutunda mühəndis-mexanik ixtisası üzrə təhsil alıb. "Taşselmaş" zavodunda usta köməkçisi, "Çkalov" adına Daşkənd aviasiya istehsalat birliyində mühəndis, konstruktor və aparıcı mühəndis-konstruktor, Özbəkistan SSR-in maliyyə naziri, Nazirlər Sovetinin sədr müavini və Dövlət Plan Komitəsinin sədri vəzifələrində çalışıb. Özbəkistan SSR Kommunist Partiyasının Kaşkadar vilayət komitəsinin birinci katibi, daha sonra Özbəkistan Kommunist Partiyasının I katibi olub. 1990-cı ildən ölkənin prezidenti olub. Sovet dövrü ilə birlikdə Özbəkistana 28 il rəhbərlik edən İslam Kərimov 2016-cı il sentyabrın 2-də Daşkənddə vəfat edib və Səmərqənddə dəfn edilib.

 

 

ELXAN ƏHƏDZADƏ

(1948-2010)

 

Azərbaycanın xalq artisti, müğənni və aktyor Elxan Yəhya oğlu Əhədzadə 30 yanvar 1948-ci ildə Bakıda musiqiçi ailəsində doğulub. İlk sənət təhsilini 1967-ci ildə açılan C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kino aktyoru kursunda Ədil İsgəndərovun sinfində alıb. 1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və bir çox tamaşalarda çıxış edib. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili Komediya aktyoru fakültəsində təhsil alıb. Opera Teatrının və Musiqili Komediya Teatrının səhnələrində bir çox yaddaqalan obrazlar yaradıb. Elxan Əhədzadə 8 oktyabr 2010-cu il tarixində Bakı səhərində vəfat edib.

 

 

TAHİR İSMAYILOV 

(1988-2020)

 

Şəhid Tahir Niyazi oğlu İsmayılov  1988-ci il yanvarın 30-da Qazax rayonunun Sofulu kəndində anadan olub. Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseydə və Qazax Dövlət Sosial-İqtisadi Kollecində təhsil alıb. 2006-2007-ci illərdə müddətli hərbi xidmətdə olub. 2009-cu ildən Azərbaycan Silahlı Qüvvələrində gizir kimi xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tahir İsmayılov oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub və Qazax rayonunun Xanlıqlar kəndində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb.

 

 

MAHATMA QANDİ 

     (1869-1948)

 

Hindistan milli-azadlıq hərəkatının lideri, “Qandizm” adı ilə məşhur olan doktrinanın banisi Mahatma Qandinin anım günüdür. O, 2 oktyabr 1869-cu ildə Porbandarda anadan olub. İngiltərədə hüquq təhsili alandan sonra bir müddət vəkil kimi fəaliyyət göstərib. Sonra Afrikada hüquqşünas işləyib. Orada passiv müqavimət taktikasını hazırlayıb. 1915-ci ildə Hindistana qayıdaraq öz vətənində Milli Konqres Partiyasını yaradıb. Onun əsas xidməti hind xalqını müstəmləkədən xilas etməsidir. Qandi əvvəlcə Cənubi Afrikada Hind toplumunun vətəndaşlıq haqları uğrunda sülhsevər etiraz həyata keçirib. Afrikadan Hindistana geri qayıtdıqdan sonra yoxsul əkinçi və işçiləri ağır vergi siyasəti və ayrı-seçkiliyə qarşı təşkilatlandırıb, müsəlmanları və hindliləri bir-birinə qarşı qoyan və böyük iğtişaşlara səbəb olan siyasətə qarşı mübarizə aparıb. Mahatma Qandi 30 yanvar 1948-ci ildə Yeni Dehlidə yerləşən evinin bağçasında gecə gəzintisi edərkən sui-qəsdə məruz qalıb və öldürülüb. BMT-nin qərarı ilə Mahatma Qandinin doğum günü olan 2 oktyabr - Beynəlxalq Qeyri-zorakılıq Günü kimi qeyd olunur.

 

 

XALİD ƏLİMİRZƏYEV

(1932-2016)

 

Filologiya elmləri doktoru, professor Xalid Əlimirzə oğlu Əlimirzəyevin xatirə günüdür. O, 16 dekabr 1932-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb, əmək fəaliyyətinin çox hissəsi də elə bu fakültə ilə bağlı olub. Universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, Təhsil nazirinin birinci müavini vəzifələrində çalışıb. "AMAL" Ziyalı Hərəkatının sədri vəzifələrində olub. 15 monoqrafiyanın, 500-dən çox elmi-publisistik məqalənin müəllifidir. Xalid Əlimirzəyev 30 yanvar 2016-cı ildə vəfat edib və doğulduğu kənddə dəfn edilib.

 

 

ABDULLA RƏHİMOV 

(1958-1994)

 

Şəhid Abdulla Rəhim oğlu Rəhimov 1958-ci ildə Bakıda anadan olub. Nəsimi rayon 247 nömrəli orta məktəbdə təhsil alıb. Sovet ordusunda hərbi xidmətini Əfqanıstanda keçirib. Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayandan sonra könüllü olaraq silaha sarılıb. Füzuli, Şuşa, Laçın, Qubadlı, Ağdam, Goranboy, Ağdərə və Tərtər uğrunda gedən döyüşlərdə iştirak edib və misilsiz qəhrəmanlıqlar göstərib. Abdulla Rəhimov 1994-cü il yanvarın 30-da Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Paytaxtın Nəsimi rayonundakı 247 saylı tam orta məktəb onun adını daşıyır.

Müəllif | Apa.Tv
Apa.tv