Dünyanın bu günü - 30.03.2021

ŞAMİL QAZIYEV

(1908-1980)

 

Əməkdar incəsənət xadimi, rəssam Şamil Həsən oğlu Qazıyev 1908-ci il martın 30-da qədim Azərbaycan şəhəri İrəvanda anadan olub. 1920-ci ildə ailəsi ilə birlikdə Naxçıvana köçüb. 1929-cu ildə Bakı Rəssamlıq Məktəbini bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumunda rəsm müəllimi, “Kommunist”, “Azərbaycan gəncləri” və “Şərq qapısı” qəzetlərində rəssam, Naxçıvan Dövlət Musiqili Dram Teatrında baş rəssam, Naxçıvan Rəssamlıq Məktəbinin direktoru işləyib. Naxçıvan teatrında 100-dən çox tamaşaya bədii tərtibat verib. Şamil Qazıyev 1980-ci il iyulun 30-da Bakıda dünyasını dəyişib. Oğlu Arif Qazıyev Azərbaycanın xalq rəssamı, Vaqif Qazıyev isə heykəltəraşdır.

 

 

FATMA VƏKİLOVA

(1912-1987)

 

Geologiya-mineralogiya elmləri doktoru, professor Fatma Vəkilova 1912-ci il martın 30-da Qazax qəzasının Yuxarı Salahlı kəndində Çar Rusiyası və Xalq Cümhuriyyəti dönəmində məsul vəzifələrdə çalışmış İsmayıl ağa Vəkilovun ailəsində dünyaya göz açıb. İlk təhsilini Dağ Kəsəmən məktəbində alıb, nüfuzlu tədris ocaqlarından olan Bakı Darülmüəllimatında (Qızlar Seminariyası) və Azərbaycan Pedaqoji İnstitutunda oxuyub. Müxtəlif vaxtlarda  Mərdəkan orta məktəbində, Bədən Tərbiyəsi İnstitutunda kimya və biologiya fənlərini tədris edib. 1943-cü ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasında çalışıb. Geologiya İnstitutunda geokimya və analitik kimya laboratoriyasının rəhbəri kimi geniş tədqiqat işləri aparıb. Elmi araşdırmalarının məhsulu olan "Kobaltın geokimyası" adlı sanballı əsəri 1966-cı ildə Bakıda rus dilində çapdan çıxıb. Bakı Sovetinin bir neçə çağırış deputatı olub, "Şərəf nişanı" ordeni və bir sıra medallarla təltif edilib. Fatma Vəkilova 1987-ci il avqustun 28-də Bakıda vəfat edib. O, Azərbaycan EA-nın müxbir üzvü, geokimya elmləri doktoru, professor Heydər Əfəndiyevin həyat yoldaşı, rejissor Yalçın Əfəndiyevin anası, riyaziyyatçı professor Şamil Vəkilovun bacısıdır.

 

 

RAFİZ İSMAYILOV

(1939)

 

Azərbaycanın xalq rəssamı, rejissor və ssenari müəllifi Rafiz Rza oğlu İsmayılov 30 mart 1939-cu ildə Bakıda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, 1966-1972-ci illərdə isə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında bir sıra film, tamaşa və cizgi filmlərində quruluşçu rəssam işləyib, bir çox kitablara illüstrasiyalar yaradıb. Rafiz İsmayılov Professional Kinorejissorlar Gildiyasının, Kinematoqrafçılar İttifaqının və Rəssamlar İttifaqının üzvüdür.

 

 

ŞƏFİQƏ MƏMMƏDOVA

(1945)

 

Azərbaycanın xalq artisti, aktrisa Şəfiqə Haşım qızı Məmmədova 1945-ci ilin bu günü Dağıstanın Dərbənd şəhərində doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsini bitirib. 1968-ci ildə Azərbaycan Milli Dram Teatrının truppasına qəbul olunan aktrisa "Hamlet", "Xəyyam", "Dəli yığıncağı", "Nağıl başlananda", "İnsan", "Yastı təpə" və başqa tamaşalarda çıxış edib, 1980-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. "Qaraca Qız", "Dədə Qorqud", "İstintaq", "Bizim Cəbiş müəllim", "Ad günü", "Çarvadarların izi ilə" bədii filmlərində yaddaqalan obrazlar yaradıb. Şəfiqə Məmmədova I çağırış Milli Məclisin deputatı olub, 2012-ci ildə isə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilib.

 

 

CƏMİL ƏLİYEV

(1946)

 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Cəmil Əliyev 1946-cı il martın 30-da Bakı şəhərində tanınmış alim, görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin ailəsində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Onkologiya ixtisası üzrə 1973-cü ildə Bakıda namizədlik, 1978-ci ildə Moskvada doktorluq dissertasiyası müdafiə edib. Elmi kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətinə görə isə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə “onkologiya” ixtisası üzrə professor elmi adı alıb. Cəmil Əliyev Milli Onkologiya Mərkəzinin Baş direktoru, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasının müdiridir. 600-dən çox elmi məqalənin, 10 ixtiranın, 18 monoqrafiya və dərs vəsaitinin müəllifi olan akademik "Şərəf" ordeni  ilə təltif edilib.

 

 

SƏFA QƏHRƏMANOV

(1949-2008)

 

Azərbaycanın xalq artisti, xanəndə Səfa Hüseyn oğlu Qəhrəmanov 1949-cu ilin bu günü Ağcabədi rayonunun Minaxorlu kəndində dünyaya gəlib. 1978-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik şöbəsini, 1990-cı ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsini bitirib. Hələ musiqi texnikumunda təhsil alarkən səhnə fəaliyyətinə başlayaraq, milli muğamlarımızı, xalq və bəstəkar mahnılarını məharətlə ifa edib. 1992-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub. Teatrdakı 16 illik fəaliyyəti ərzində bir sıra milli operalarda müxtəlif obrazlar yaradıb. Səfa Qəhrəmanov 2008-ci il mayın 5-də Bakıda vəfat edib.

 

 

ELDAR İSMAYILOV 

  (1950-2014)

 

Tarix elmləri doktoru, professor Eldar Rafiq oğlu İsmayılov 30 mart 1950-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib, 1973-1976-cı illərdə həmin universitetin aspiranturasında təhsil alıb. 1977-ci ildən ölümünə qədər fasiləsiz olaraq Bakı Dövlət Universitetində çalışıb. Burada dissertasiya müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın elmi katibi və sədri, Tarix fakültəsinin dekanı, kafedra müdiri vəzifələrində işləyib. Uzun illər Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü olub. 30-a yaxın sənədli filmdə məsləhətçi kimi iştirak edib. 100-dən artıq elmi məqalənin, 11 monoqrafiyanın müəllifi olan Eldar İsmayılov 10 mart 2014-cü ildə Bakıda vəfat edib.

 

 

ELÇİN ƏZİZOV

(1985-2020)

 

Şəhid Elçin Əvəz oğlu Əzizov 1985-ci il martın 30-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Azərbaycan Texniki Universitetini bitirib. 2006-2007-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən Sərhəd Qoşunlarında xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Baş leytenant Elçin Əzizov oktyabrın 13-də Cəbrayıl döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

NİCAT HÜSEYNOV

(1987-2020)

 

Şəhid Nicat Adil oğlu Hüseynov 30 mart 1987-ci ildə Hacıqabul rayonunun Meyniman kəndində dünyaya gəlib. Kənd məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin fevral ayında müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Nicat Hüseynov oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhid olub. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

TELMAN ƏLƏKBƏROV

(1991-2020)

 

Şəhid Telman İqdam oğlu Ələkbərov 1991-ci ilin bu günü Bakı şəhərində anadan olub. 2009-2011-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2013-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. 2019-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Ehtiyat zabit hazırlığı kursunu bitirib və Azərbaycan Silahlı Qüvvələrində xidmətə taqım komandiri kimi fəaliyyətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Telman Ələkbərov oktyabrın 7-də Ağdam rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

PƏRVİN MƏMMƏDOV

(1994-2020)

 

Şəhid Pərvin Rza oğlu Məmmədov 1994-cü il martın 30-da Göyçay rayonunun Yeniarx kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Pərvin Məmmədov oktyabrın 2-də Ağdərə döyüşləri zamanı şəhid olub və Göyçay rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

VÜSAL QƏNBƏRLİ

(1995-2020)

 

Şəhid Vüsal İlkin oğlu Qənbərli 30 mart 1995-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub.  2014-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Əsgər Vüsal Qənbərli Qubadlı-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub və dekabrın 20-də doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

ZÖHRAB MEHDİYEV 

(1998-2020)

 

Şəhid Zöhrab İlham oğlu Mehdiyev 1998-ci ilin bu günü Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində anadan olub. 2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Zöhrab Mehdiyev oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

XƏQANİ MƏMMƏDOV

(2002-2020)

 

Şəhid Xəqani Füzuli oğlu Məmmədov 2002-ci il martın 30-da Şirvan şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Xəqani Məmmədov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

ADİLƏ ŞAHTAXTİNSKAYA 

(1894-1951)

 

Tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın, mama-ginekoloq Adilə Şahtaxtinskayanın anım günüdür. O, 1894-cü il aprelin 17-də Tiflis şəhərində publisist və kollec müşaviri İsa Sultan Şahtaxtinskinin ailəsində anadan olub. 1930-cu ildə tibb elmləri doktoru dərəcəsini, 1936-cı ildə isə professor elmi adını qazanıb. 1933-cü ildən Azərbaycan Dövlət Tibb İnstitutunun mamalıq və ginekologiya kafedrasına başçılıq edib. Azərbaycanda ilk qadın kafedra müdirlərindən biri hesab olunan Adilə Şahtaxtinskaya 1951-ci ilin martında Tiflisdə vəfat edib və oranın köhnə müsəlman qəbiristanlığında (indiki Botanika Bağı ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonunda) dəfn edilib.

 

 

GÜLXAR HƏSƏNOVA

(1918-2005)

 

Azərbaycanın xalq artisti, görkəmli opera müğənnisi Gülxar İbrahim qızı Həsənovanın xatirə günüdür. O, 10 dekabr 1918-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində anadan olub. Bakı Tibb Məktəbində təhsil alıb. Səhnə fəaliyyətinə gənc yaşlarından başlayıb, 1936-1942-ci illərdə Gənc Tamaşaçılar Teatrının solisti olub, sonrakı fəaliyyətini isə Opera və Balet Teatrında davam etdirib. 1983-cü ildən teatrda məşqçi-pedaqoq kimi işləyib. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli və sonralar Leylinin anası, “Əsli və Kərəm”də Əsli, “Koroğlu”da xanəndə qız, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında Şahsənəm, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Ərəbzəngi, Süleyman Ələsgərovun “Bahadır və Sona” operasında Təravət xanım, Şəfiqə Axundovanın “Gəlin qayası”nda Ana və digər obrazları canlandırıb. Xalq artisti Ağadadaş Qurbanovun həyat yoldaşı, xalq artisti Hamlet Qurbanovun anası olan Gülxar Həsənova 2005-ci il martın 30-da Bakıda dünyasını dəyişib.

 

 

FAİQ BAĞIRZADƏ

        (1926-1988)

 

Azərbaycanın əməkdar elm xadimi, akademik Faiq Məmməd oğlu Bağırzadə də bu gün xatırlanır. O, 1926-cı il martın 20-də Bakıda doğulub. 1949-cu ildə Azərbay­can Sənaye İnstitutunun Geoloji-kəşfiyyat fakül­təsini mühəndis-geoloq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1949-cu ildə “Qobustanneftkəş­fiy­yat” tres­tin­də başlayıb. Müxtəlif illərdə mühəndis-geoloq, partiya rəisi, mü­əllimi, dosent, dekan, kafedra müdiri vəzifələrində çalışıb. 1970-1987-ci illərdə Bakı Dövlət Universitetinin rektoru olub. 100-dən artıq elmi əsər, 12 monoqrafiya, geologi­ya­ və geokimyanın müxtəlif problemləri üzrə çoxsaylı dərsliklər və tədris və­saitləri nəşr etdirib. “Oktyabr İnqilabı”, “Qırmızı Əmək Bay­rağı” ordenlərinə, bir qrup alimlərlə birlikdə “Azərbaycan SSR-in neft və qaz yataq­ları və perspektivli strukturları xəritə­si”nin tərtibinə görə Azərbaycan Dövlət Mükafatına layiq görülüb. 1982-1988-ci illərdə Sovet Azərbaycanına rəhbərlik etmiş Kamran Bağırovun qardaşı olan Faiq Bağırzadə 1988-ci il martın 30-da Bakıda dünyasını dəyişib.

 

 

SƏRVƏR ABDİNOV

(1974-1993)

 

Şəhid Sərvər Famil oğlu Abdinov 1974-cü il sentyabrın 11-də Zəngilan rayonunun Alıbəyli kəndində anadan olub. 1991-ci ildə kənd orta məktəbini bitirdikdən sonra Bakıdakı Ticarət-Kommersiya Məktəbinə qəbul olub. 2-ci kursdan təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın müdafiəsinə qalxıb. Zəngilan Rayon Hərbi Komissarlığı tərəfindən Daxili Qoşunların Şirvan şəhərindəki hərbi hissəsinə üç aylıq kursa göndərilib. Təlim müddəti başa çatdıqdan sonra isə Zəngilana göndəriş alıb. Sərvər Abdinov 30 mart 1993-cü ildə - doğum günündə Zəngilan uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.

Müəllif | Apa.Tv
Apa.tv