Dünyanın bu günü - 30.12.2019
1. 30 dekabr 1989-cu ildə Gəncə şəhərinin tarixi adı yenidən bərpa olunub. Çar Rusiyası zamanı Azərbaycanın bu qədim şəhəri Yelizavetpol, sovet dövründə isə Kirovun şərəfinə Kirovabad adlandırılıb. Kiçik Qafqazın şimal-şərqində yerləşən Gəncə əhalinin sayına görə hazırda Bakıdan sonra Azərbaycanın ikinci ən böyük yaşayış məskənidir.
(1989)
2. İngilis yazıçısı, Nobel mükafatı laureatı Redyard Kiplinq 1865-ci ilin bu günü doğulub. 1882-1889-cu illərdə Hindistanda yaşayıb, orada «Departament nəğmələri», «Dağların sadə hekayələri» şeir və novella kitablarını nəşr etdirib. Kiplinqə dünya şöhrəti qazandıran «Mauqli» hekayələr toplusu olub. Redyard Kiplinq 1936-cı il yanvarın ayının 18-də London şəhərində vəfat edib.
(1865-1936)
3. Tanınmış müğənni, xalq artisti Əbülfət Əliyev 1926-cı ilin bu günü dünyaya gəlib. 1943-cü ildən Ağdam rayon Mədəniyyət Evində ifaçılığa başlayıb. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. «Leyli və Məcnun» operasında Məcnun obrazının ən mahir ifaçılarından olub. Dünyanın bir çox ölkələrində Azərbaycan musiqisinin təbliğində böyük xidmətlər göstərib. Əbülfət Əliyev 27 dekabr 1990-cı ildə Bakıda dünyasını dəyişib.
(1926-1990)
4. Görkəmli riyaziyyatçı alim, akademik Fərəməz Maqsudov 30 dekabr 1930-cu ildə anadan olub. O, funksional analiz, diferensial tənliklər, tətbiqi riyaziyyat və mexanika sahəsində böyük elmi uğurlar qazanıb. 11 monoqrafiyanın, 200-ə yaxın elmi əsərin müəllifidir. 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışıb. Fərəməz Maqsudov 30 iyul 2000-ci ildə Bakıda vəfat edib.
(1930-2000)
5. Bu gün xalq artisti Fatma Mahmudovanın doğum günüdür. O, 1954-cü ildə Ağdam rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında aktrisa işləyib. Teatrın aparıcı aktrisalarından olan F.Mahmudova bu müddət ərzində bir çox özünəməxsus obrazlar yaratmağa nail olub. "Dağılan Tifaq"da Sona xanım, "Fərhad və Şirin"də Məryyəm, "Solğun Çiçəklər"də Sara, "Qaçaq Nəbi"də Həcər, "Təhminə və Zaur"da Təhminə, "Qismət"də Ana və s. bu kimi obrazlar onu tamaşaçıların sevimlisinə çevirib. Fatma Mahmudova 2000-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.
(1954)
6. 1922-ci ilin bu günü Leninin təşəbbüsü ilə Sovet Sosialist Respublikaları İttifaqı təşkil edilib. İttifaqın yaradılması haqqında saziş Rusiya Sovet Federativ Sosialist Respublikası, Ukrayna Sovet Sosialist Respublikası, Belarus Sovet Sosialist Respublikası və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası arasında imzalanıb. 1991-ci il dekabrın 8-də SSRİ-ni təşkil etmiş Rusiya, Ukrayna və Belarus tərəfindən imzalanmış Belovejsk sazişi ilə SSRİ-nin mövcudluğuna son qoyulub. 1991-ci il dekabrın 25-də SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaşov istefa verib. Dekabrın 26-da Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirilib və beləliklə, 69 il mövcud olmuş SSRİ rəsmən dağılıb.
(1922)
7. İraq diktatoru Səddam Hüseyn 2006-cı ilin bu günü Bağdadda edam edilib. O, 28 aprel 1937-ci ildə İraqın Tikrit şəhərində çoban ailəsində doğulub. Bağdad Universitetinin hüquq fakültəsində təhsil alıb. 1957-ci ildə BƏƏS partiyasına üzv olub. 1959-cu ildə İraqın Baş Naziri Əbdülkərim Qasıma sui-qəsddə iştirak edib və yaralanıb. 1968-ci ildən BƏƏS partiyasının liderlərindən birinə çevrilib və İraqın vitse-prezidenti təyin olunub. 1979-cu ildən İraq prezidenti olan Səddam Hüseyn 8 illik İran-İraq müharibəsinin əsas baiskarı sayılır. İraq şiələrinə və kürdlərinə qarşı sərt repressiyalar həyata keçirib. 2003-cü ildə ABŞ-ın hərbi müdaxilə ilə devrilən Səddam bir neçə ay gizlənsə də, həmin ilin dekabr ayında həbs edilib və 3 il istintaq altında saxlanıldıqdan sonra məhkəmənin qərarı ilə asılıb. Öz vəsiyyətinə əsasən, Tikritdəki ailə məzarlığında dəfn edilib.
(1937-2006)