Dünyanın bu günü - 31.01.2021

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ

(1884-1955)

 

Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və Azərbaycan siyasi mühacirətinin liderlərindən olan Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edərək, bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru olub, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib. 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digərləri ilə birlikdə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib. Almaniya, Polşa və Türkiyədə mühacir həyatı yaşayıb. Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib və Əsri Cəbəci məzarlığında dəfn olunub.

 

 

SƏMƏD MƏNSUR

 (1879-1927)

 

Şair və teatr xadimi Səməd Hacı Əhməd oğlu Kazımov (Səməd Mənsur) 1879-cu il yanvarın 31-də Bakıda anadan olub. İlk təhsilini rus-müsəlman məktəbində alıb. 1905-ci ildən sonra şeirləri ilə mətbuatda çıxış edib, xırda pyeslər yazıb. 1907-ci ildə Bakıda təsis edilən “Səfa” cəmiyyətinin yaradıcısı olub. Ömrünün sonlarında Xalq Komissarları Sovetində ümumi idarə müdiri vəzifəsində çalışıb, şairlik fəaliyyətini satira və romantika xətti ilə davam etdirib. Səməd Mənsur 1927-ci il yanvarın 3-də Bakıda faciəli şəkildə həlak olub.

 

 

ƏLƏKBƏR RZAQULİYEV

(1903-1974)

 

Azərbaycan boyakarı və qrafiki, əməkdar rəssam Ələkbər Ələsgər oğlu Rzaquliyev 1903-cü ilin bu günü Bakıda dünyaya gəlib. 1925-1928-ci illərdə Moskva Texniki İncəsənət Kollecində təhsil alıb. Boyakarlıq və qrafika üslubunda işlənmiş gözəl əsərlərin müəllifidir. Yaradıcılığının ilkin mərhələsində inqilabdan əvvəlki Azərbaycan həyatının xarakterik mənzərələrini əks etdirən boyakarlıq əsərləri çəkib. Əsərləri Şərq Xalqları İncəsənəti Muzeyi (Moskva), Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Şəkil Qalereyası və digər muzeylərdə saxlanılır. Pantürkist ideyalarını yaymaqda günahlandırılıb, üç dəfə sürgünə göndərilib. Ələkbər Rzaquliyev 31 yanvar 1974-cü ildə Bakıda vəfat edib.

 

 

ƏLİ TUDƏ

(1924-1996)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, şair Əli Qulu oğlu Cavadzadə (Əli Tudə) 1924-cü il yanvarın 31-də Bakıda anadan olub. 150 saylı orta məktəbdə təhsil alıb, Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olub. Hələ 13 yaşından şeirləri almanaxlarda, qəzetlərdə çap olunmağa başlayıb. Cənubi Azərbaycanda Milli Hökumət qurularkən Maarif Nazirliyində təhsil şöbəsinin müdiri işləyib. Ana dilində kitabların tərtib və çap edilməsində böyük rolu olub. İran tarixində ilk dəfə Təbriz Filarmoniyasının əsasını qoyub. Milli Hökumətin ən ali mükafatına – “21 Azər” medalına layiq görülüb. Bakıya köçəndən sonra da ədəbi fəaliyyətini davam etdirib. 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 40-a qədər kitabın müəllifidir. əsərləri bir sıra xarici dillərdə tərcümə olunub. Əli Tudə 1996-cı il fevralın 26-da Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

MÜBARİZ TAĞIYEV

 (1948)

 

Azərbaycanın xalq artisti, müğənni Mübariz Hüseyn oğlu Tağıyev 31 yanvar 1948-ci ildə İrəvan şəhərində dünyaya gəlib. Orada Axundov adına 9 saylı orta məktəbdə oxuyub, Ermənistan Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. Sonralar Bakıda Rəşid Behbudovun rəhbərliyi ilə Mahnı Teatrında solist kimi çalışıb. 1985-ci ildən Azərbaycan Dövlət Teleradio Komitəsində Estrada-simfonik orkestrinin solisti vəzifəsində çalışıb. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə  əməkdar artist, 16 may 2006-cı ildə xalq artisti fəxri adlarına, 14 sentyabr 2012-ci ildə isə  Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

 

RƏŞİD ÖZBƏYOV

 (1953-2001)

 

Sovet və Azərbaycan futbolçusu, futbol məşqçisi Rəşid Yaqub oğlu Özbəyov 1953-cü ilin bu günü Bakıda anadan olub. Futbolda ilk böyük nailiyyətini 18 yaşında ikən qazanıb. Bakının “Neftçi” klubunun heyətində 177 oyun keçirib, 3 qol vurub. 1983-cü il iyunun 24-də Kutaisinin “Torpedo” komandası ilə görüşün 10-cu dəqiqəsində aldığı ciddi zədədən sonra sevdiyi idman növündən ayrılıb. 1985-ci ildə Azərbaycan Futbol Federasiyası təhsilini davam etdirmək üçün onu Moskvaya Ali Məşqçilər Məktəbinə göndərib, təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıya qayıdıb. Müəyyən dövrlərdə “Göyəzən”, “Qarabağ”, “Xəzər”, “Nicat”, “İnşaatçı” və “Xəzri” komandalarında baş məşqçi vəzifələrində çalışıb. Rəşid Özbəyov 2001-ci il sentyabrın 16-da Bakıda vəfat edib.

 

 

RÜFƏT BAYRAMOV

(2001-2020)

 

Şəhid Rüfət Bəhram oğlu Mayılov 2001-ci il yanvarın 31-də Göyçay rayonunun Kürdəmiş kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib və sentyabrın 30-da şəhid olub. Göyçay rayonunda dəfn olunub. Rüfət Mayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

YUSİF YUSİFOV

(2002-2020)

 

Şəhid Yusif Oqtay oğlu Yusifov 2002-ci ilin bu günü Goranboy rayonunun Fəxralı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 2020-ci il mayın 7-də həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli və Xocavəndin azad olması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 29-da Zəngilan uğrunda döyüşlər zamanı şəhid olub və doğulduğu kənddə dəfn olunub. Yusif Yusifov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

ƏLƏSGƏR ƏLƏKBƏROV

(1910-1963)

 

Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Ələsgər Hacıağa oğlu Ələkbərovun xatirə günüdür. O, 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyinə getməyə başlayıb. 1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada bir sıra yaddaqalan obrazlar yaradıb. Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub, bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. Bir neçə il Tiflis Azərbaycan Teatrında və Gəncə Teatrında, 1933-cü ildən Akademik Dram Teatrında işləyib. "Böyük dayaq", "Fətəli xan", "Almaz", "Uzaq sahillərdə" və digər filmlərdə bir-birindən maraqlı rollar oynayıb. VI çağırış SSRİ Ali Sovetinin deputatı olub. Ələsgər Ələkbərov 31 yanvar 1963-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

CƏLAL ƏLİYEV  

(1928-2016)

 

AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu‎ Əliyevin anım günüdür. O, 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant, Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971-1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub. Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvü olub. Onlarla monoqrafiya, kitab və elmi məqalənin müəllifidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, I-IV çağırış Milli Məclisin deputatı olub. "Qırmızı Əmək Bayrağı", "İstiqlal" və "Şərəf" ordenlərinə layiq görülüb, Azərbaycan Prezidentinin fəxri diplomu və Həsən bəy Zərdabi mükafatı ilə təltif olunub. Cəlal Əliyev 2016-cı il yanvarın 31-də dünyasını dəyişib və Fəxri Xiyabanda torpağa tapşırılıb. O, ümummilli lider Heydər Əliyevin, akademiklər Həsən Əliyev, Rəfiqə Əliyeva və əməkdar elm xadimi Aqil Əliyevin qardaşıdır.

 

 

TƏBRİZ  XƏLİLBƏYLİ

(1964-1992)

 

31 yanvar Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlil Rza oğlu Xəlilbəyli də bu gün xatırlanır. O, 1964-cü il fevralın 12-də Bakı şəhərində doğulub. 1981-ci ildə Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi bitirib. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinə daxil olub. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında işıqçı işləyib. 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb. Xramord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərib. Döyüş şücaətinə görə DİN-in "Boz qurd" mükafatına layiq görülüb. Təbriz Xəlilbəyli 31 yanvar 1992-ci ildə Şuşa yaxınlığında şəhid olub və Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. O, xalq şairi Xəlil Rza Ulutürkün oğludur.

 

 

OQTAY ŞIXƏLİYEV

(1931-2012)

 

Azərbaycanın xalq rəssamı Oqtay Yusif oğlu Şıxəliyevin xatirə günüdür. O, 1931-ci il sentyabrın 3-də Bakıda anadan olub. 1 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra 1947-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Daha sonra Leninqrad Ali Rəssamlıq Məktəbində təhsil alıb. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub. 1964-cü ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllimlik fəaliyyətinə başlayıb. 1982-ci ildə Azərbaycanın əməkdar rəssamı, 2002-ci ildə isə xalq rəssamı fəxri adına layiq görülüb. Oqtay Şıxəliyev 30 yanvar 2012-ci ildə Bakı şəhərində vəfat edib.

 

 

MİRZƏ XƏZƏR

(1947-2020)

 

Mirzə Xəzər kimi tanınan Azərbaycan jurnalisti, publisist və nasir Mirzə Kərim oğlu Mikayılovun anım günüdür. O, 29 noyabr 1947-ci ildə Göyçayda anadan olub. Milliyyətcə dağ yəhudisidir. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində, Nyu-York şəhərindəki Hünter kollecində, Böyük Britaniyanın Folqston şəhərində xüsusi ingilis dili məktəbində, Vaşinqtonda menecerlər üçün ixtisasartırma, Boston Universitetində menecerlik, İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşünaslar üçün açılan xüsusi kurslarında təhsil alıb. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət edib. "Amerikanın Səsi" radiostansiyasının Azərbaycan bölməsinin müdiri və "Azadlıq" radiosunun Azərbaycan redaksiyasının direktoru vəzifələrində işləyib, Bakıda "Mirzə Xəzərin Səsi" adlı qəzet təsis edib. 1990-cı ilin 20 Yanvar faciəsi zamanı Azərbaycanı informasiya blokadasından xilas edərək, sovet qoşunlarının Bakıda törətdiyi qəddar əməllərini və dünyadan əli üzülmüş azərbaycanlıların səsini dünyaya çatdırıb. Bir çox əsərlərin müəllifidir. Bibliyanı və "Əli və Nino" romanını Azərbaycan dilinə tərcümə edib. Mirzə Xəzər 2020-ci il yanvarın 31-də Münhendə vəfat edib.

 

 

QABİL AĞAYEV

(1969-1999)

 

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, şəhid Qabil Qayıbalı oğlu Ağayev də bu gün xatırlanır. O, 9 yanvar 1969-cu ildə Şamaxı rayonunun Həmyəli kəndində anadan olub. 1995-ci ildə hərbi xidmətə yollanıb. 1999-cu il yanvarın 31-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Qabil Ağayev doğulduğu kənddə dəfn olunub.

Müəllif | Apa.Tv
Apa.tv