Dünyanın bu günü - 31.03.2021
31 MART SOYQIRIMI
(1918)
Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının ildönümüdür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar. Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin ildən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.
CABBAR QARYAĞDIOĞLU
(1861-1944)
Azərbaycan vokal məktəbinin banisi, Şərq musiqisinin parlaq ulduzu, məşhur xanəndə, Cabbar İsmayıl oğlu Qaryağdıoğlu 1861-ci ilin bu günü Şuşada "Seyidli" məhəlləsində anadan olub. 13 yaşında oxumağa başlayıb, 16 yaşında ifa etdiyi "Şüştər", "Kürd Şahnaz" muğamları ilə məşhurlaşıb. 1897-ci ildə Əbdürrəhim bəy Haqverdiyev tərəfindən Şuşada hazırlanan "Məcnun Leylinin qəbri üstündə" musiqili səhnəciyində yaratdığı Məcnun rolu ilə həm də operamızın ilk aktyoru olub. Onun səyi nəticəsində muğamlar artıq Azərbaycan dilində ifa olunmağa başlayıb. Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olan xanəndə Konservatoriyada xanəndəlik fənnindən dərs deyərək, xeyli sayda muğam ifaçıları yetişdirib. Kiyev, Moskva, Varşava şəhərlərinə dəvət alıb. O, səsi qrammofon valına yazılan ilk azərbaycanlı xanəndədir. Muğam ustasının xanəndəliklə yanaşı, şairliyi də olub, şeirlər yazıb, bəstəkar kimi mahnılar qoşub. Cabbar Qaryağdıoğlu 1944-cü il aprelin 20-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
ZVİAD QAMSAXURDİYA
(1939-1993)
Gürcüstanın birinci prezidenti, yazıçı, alim, dissident, filologiya elmləri doktoru Zviad Konstantinoviç Qamsaxurdiya 31 mart 1939-cu ildə dünyaya göz açıb. Atası Konstantin Qamsaxurdiya yazıçı, fəlsəfə doktoru, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, Şota Rustaveli adına Dövlət Mükafatı laureatı olub. Orta məktəbi bitirdikdən sonra 1950-ci ildə Tbilisi Dövlət Universitetinin "İngilis və alman dilçiliyi" fakültəsində təhsil alıb. Uşaqlıqdan antikommunist ruhunda böyüdülən Zviad Gürcüstanda sovet rejiminin ən fəal tənqidçilərindən biri olub. 1970-ci illərdə Gürcüstan Helsinki Komitəsini yaradıb və kommunist rejimini qeyri-leqal buraxdığı "Sakartvelos moambe" ("Gürcü mesajı") dərgisində tənqid edib. 1980-ci illərin sonunda "İlya Çavçavadze Cəmiyyəti"ni quraraq, Gürcüstanın azadlığı uğrunda mübarizə aparıb. 1989-1990-cı illərdə "Gürcüstanın ruhi missiyası" adlı kitabını yazıb və bu kitabla müasir gürcü millətçiliyinin ideoloji təməlini qoyub. Onun liderlərindən biri olduğu gürcü millətçilərinin siyasi bloku 1990-cı ildə Gürcüstan parlamentinə seçkilərdə qalib gəlib və o, Gürcüstanın birinci prezidenti olub. 1992-ci ildə Tiflisdə baş verən qanlı toqquşmalar Qamsaxurdiya hökumətinin devrilməsinə səbəb olub. 31 dekabr 1993-cü ildə müəmmalı şəraitdə ölən Zviad Qamsaxurdiyanın cənazəsi Çeçenistana aparılıb və Qroznı şəhərində dəfn olunub. 2007-ci ildə isə onun cənazəsi Tiflisə gətirilib.
FƏXRƏDDİN NƏCƏFOV
(1967-1992)
Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov 31 mart 1967-ci ildə Bakı şəhərində doğulub. 1984-cü ildə Nəsimi rayonundakı 19 saylı orta məktəbi bitirdikdən sonra Bakı Çini Qablar Zavodunda əmək fəaliyyətinə başlayıb. Bir ildən sonra hərbi xidmətə çağırılıb. 1987-ci ildə Arxangelsk vilayətində ordudan tərxis olunaraq vətənə qayıdıb və DİN-in Yanğından Mühafizə İdarəsində işə qəbul olunub. 1988-ci ildə nazirliyin təqdimatı ilə Xarkov Yanğından Mühafizə Ali Hərbi Məktəbinə göndərilib. 1990-cı ildə təhsilini başa vuraraq, Bakıdakı 14 saylı Yanğından Mühafizə İdarəsində qarovul rəisi vəzifəsinə təyin edilib. 1991-ci ildə könüllü olaraq Qarabağ cəbhəsinə yollanıb. Bir çox döyüşlərdə iştirak edib və ağır yaralanıb. Bir müddət hospitalda müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdıb və 1992-ci il sentyabrın 4-də Ağdərənin Çıldıran kəndi istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub. Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Fəxrəddin Nəcəfova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Nəsimi rayonundakı 266 saylı orta məktəb onun adını daşıyır, məktəbin həyətində büstü qoyulub.
RAFİQ BABAYEV
(1936-1994)
Azərbaycanın xalq artisti, bəstəkar Rafiq Fərzi oğlu Babayev 1936-cı il martın 31-də Bakı şəhərində anadan olub. Asəf Zeynallı adına musiqi məktəbinin fortepiano sinfində təhsil alıb. Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində çalışıb, ictimai işlərlə də məşğul olub, müxtəlif müsabiqələr, baxış və festivallar təşkil edib. Onun bütün yaradıcılıq fəaliyyəti gənc instrumental musiqiçi və vokalçılarla pedaqoji işlə bağlı olub. 1991-ci ildə "Cəngi" folklor-caz kollektivini təşkil edib və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən Səsyazma Studiyası yaradıb. Rafiq Babayev 1994-cü il martın 19-da Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında baş vermiş terror aktı nəticəsində həlak olub.
MAHMUD ABBASOV
(1969-1992)
Şəhid Mahmud Aslan oğlu Abbasov 1969-cu ilin bu günü Laçın şəhərində doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1987-1989-cu illərdə sovet ordusunda hərbi xidmətdə olub. 1992-ci ildə o zaman yaranan Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul olunub. Polis serjantı Mahmud Abbasov 1992-ci il dekabrın 25-də Zəngilanda gedən ağır döyüşlər zamanı şəhid olub.
MURAD MİRZƏYEV
(1976-2016)
Azərbaycanın Milli Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev 31 mart 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1991-1994-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Daha sonra təhsilini Türkiyədə davam etdirib, ABŞ, Rumıniya və İordaniya kimi ölkələrdə təlimlər keçib. Murad Mirzəyev 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Şəhid zabitin nəşi aprelin 10-da Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib və aprelin 11-də II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Prezidentinin 19 aprel 2016-cı il tarixli sərəncamı ilə Murad Mirzəyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
MURAD BABAYEV
(1982-2020)
Şəhid Murad Nadir oğlu Babayev 1982-ci il martın 31-də Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. 2001-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Baş gizir Murad Babayev sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
MURAD MƏMMƏDOV
(1995-2020)
Şəhid Murad Əzizulla oğlu Məmmədov 1995-ci ilin bu günü Qusar rayonunun İmamqulukənd kəndində anadan olub. həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Murad Məmmədov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub və Qusar rayonunda dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
ƏRTOĞRUL NADİRLİ
(1997-2020)
Şəhid Ərtoğrul Hümbət oğlu Nadirli 31 mart 1997-ci ildə Sədərək rayonunda anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Ərtoğrul Nadirli oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub və Sədərək rayonunun Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
İSAAK NYUTON
(1643-1727)
İngilis fiziki, riyaziyyatçı, astronom, filosof və kimyaçı alim İsaak Nyutonun anım günüdür. O, 4 yanvar 1643-cü ildə Likolnşir qraflığında, Qrentem şəhəri yaxınlığında yerləşən Vulstrop adlı kiçik bir kənddə fermer ailəsində doğulub. Atası övladının doğulmasına 3 ay qalmış vəfat edib. 3 yaşında ikən anası ikinci dəfə ərə gedib və balaca İsaak nənəsinin himayəsində qalıb. Gələcək dahinin ibtidai məktəb həyatı olduqca ağır keçib. Gərgin səylərdən sonra oxuduğu sinifdə əlaçılar sırasında birinci olub. Ciddi hazırlıqdan sonra 1661-ci ildə Kembric Universitetində təhsil alıb. Elmi inqilabın baş verməsində və heliosentrizmin inkişafında böyük rolu olub. İlk dəfə elmə Yerin cazibə qüvvəsi anlayışını daxil edib. Ən məşhur əsərlərindən biri “Natural fəlsəfənin riyazi başlanğıcı” əsəridir. Adı “Tarixdə 100 ən nüfuzlu şəxs” siyahısına daxil edilib. İsaak Nyuton 31 mart 1727-ci ildə Londonda dünyasını dəyişib.
NİKOLAY BAYBAKOV
(1911-2008)
Sovet dövlət xadimi, SSRİ-nin fəxri neftçisi Nikolay Kostantinovic Baybakovin xatirə günüdür. O, 6 mart 1911-ci ildə Bakının Sabunçu kəndində neftçi ailəsində doğulub. 1932-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə Azərbaycan Neft İnstitutunun neft-mədən fakültəsini bitirib. "Leninneft" trestində mədən müdiri, baş mühəndis, Kuybışev şəhərində "Şərqneftçıxarma" birliyinin rəisi, Yanacaq sənayesi Xalq Komissarının müavini, “Azneft” Birliyinin rəisi, Azərbaycan neft sənayesi nazirinin müavini, SSRİ Dövlət Plan Komitəsinin sədri, Rusiya Dövlət Plan Komitəsinin sədri, RSFSR Nazirlər Şurası sədrinin birinci müavini, SSRİ Nazirlər Şurası nəzdində kimya üzrə Dövlət Komitəsinin sədri kimi vəzifələrdə çalışıb. Neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alim ölkənin XX əsrinin tarixinə böyük dövlət xadimi, neftçi, iqtisadçı mütəxəssis kimi daxil olub, 200-dən artıq elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifidir. 6 dəfə “Lenin” ordeni, 2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Oktyabr İnqilabı” ordeni, Azərbaycanın "İstiqlal" ordeni, həmçinin SSRİ-nin və xarici dövlətlərin bir çox medalları ilə təltif olunub. Nikolay Baybakov 31 mart 2008-ci ildə Moskvada vəfat edib.
XOSROV ABDULLAYEV
(1926-1980)
Azərbaycanın xalq artisti, sirk artisti, jonqlyor Xosrov Abdulla oğlu Abdullayev də bu gün xatırlanır. O, 29 yanvar 1926-cı ildə Şamaxıda anadan olub. Moskvadakı Dövlət Sirk Sənəti Məktəbində təhsil alıb. Görkəmli sovet jonqlyorlarından olan Abdullayev 30 ildən artıq bu janrda fəaliyyət göstərib. Onun jonqlyor sənəti virtuozluğu, orijinallığı, milli özünəməxsusluğu və ekssentrik elementləri ilə fərqlənib. Dünyanın 48 ölkəsində qastrol səfərində olub. “Uşaqlığın son gecəsi”, “O qızı tapın”, “Sirk meydançası” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. Haqqında “Sirk mənim həyatımdır” sənədli filmi çəkilib. Xosrov Abdullayev 31 mart 1980-ci ildə Novosibirskdə vəfat edib və Moskvada dəfn olunub.
FƏRMAN SALMANOV
(1931-2007)
Sosialist Əməyi Qəhrəmanı, ictimai xadim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya EA-nın müxbir üzvü, Lenin mükafatı laureatı Fərman Qurban oğlu Salmanovun xatirə günüdür. O, 1931-ci ildə Şəmkirdə anadan olub. 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunu bitirib. 1954-59-cu illərdə Novosibirsk geologiya idarəsində geoloq, baş geoloq, neft-kəşfiyyat ekspedisiyasının rəisi, 1959-62-ci illərdə Surqut Neft-kəşfiyyat ekspedisiyasının rəisi, 1969-70-ci illərdə Tümen Baş Geologiya İdarəsinin baş geoloqu, 1978-ci ildən rəisi olub. 1980-ci ilin sonu-1990-cı illərin əvvəlində SSRİ geologiya nazirinin birinci müavini işləyib. Onun rəhbərliyi altında Surqut, Salımsk, Pravdinsk, Mamontovsk, Somotlor, Urenqoyda və Qərbi Sibirin başqa yerlərində 20 neft və qaz yatağı aşkar edilib. O, neft və qaz geologiyası məsələləri ilə bağlı bir sıra elmi işlərin və fundamental əsərlərin müəllifidir. 26 iyul 2001-ci ildə "Şöhrət" ordeni ilə təltif olunan Fərman Salmanov 2007-ci il martın 31-də Moskvada 79 yaşında vəfat edib və Moskvanın Vaqankov məzarlığında torpağa tapşırılıb. 2019-cu ilin may ayından etibarən Rusiyanın Surqut hava limanına onun adı verilib.
ŞAMƏT TAĞIYEV
(1974-1994)
Şəhid Şamət Qoşunəli oğlu Tağıyevin anım günüdür. O, 1974-cü ildə Gədəbəy rayonunun Miskinli kəndində anadan olub. Sumqayıt Texnologiya Texnikumunda təhsil alıb. 1992-ci il oktyabrın 18-də həqiqi hərbi xidmətə çağırılıb. Ağdam, Kəlbəcər və Ağdərə bölgələrində gedən döyüşlərin fəal iştirakçısı olub. Şamət Tağıyev 1 fevral 1994-cü ildə Ağdam rayonunun Novruzlu kəndi uğrunda gedən döyüşdə şəhid olub və doğulduğu kənddə dəfn edilib. 2 saylı Miskinli kənd orta məktəbi onun adını daşıyır.