Dünyanın bu günü - 31.07.2020

MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR

(1906-1988)

 

Azərbaycan və İran ədəbiyyatının görkəmli nümayəndəsi, şair Məhəmmədhüseyn Şəhriyarın doğum günüdür. Seyid Məhəmmədhüseyn Behcət Təbrizi 1906-cı il iyulun 31-də Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. Təbrizdə Motahari, Tehranda Darülfünun məktəblərində və tibb kollecində təhsil alıb. Xorasan və Tehranda notarius və bank işlərində çalışıb. İlk şeirlər kitabı 1931-ci ildə Tehranda nəşr olunub. “Heydərbabaya salam” poeması ona böyük şöhrət gətirib və əsər dünyanın əksər dillərinə tərcümə olunub. Azərbaycan və fars dillərində bir çox məşhur əsərlərin müəllifidir. Məhəmmədhüseyn Şəhriyar uzun müddət davam edən xəstəlikdən sonra 18 sentyabr 1988-ci ildə Tehranda vəfat edib və Təbrizdə Şairlər məqbərəsində dəfn olunub. Təbriz məktəblərindən birinə və Təbriz Universitetinin Ədəbiyyat fakültəsinin böyük salonuna şairin adı verilib. Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır.

 

 

MİDHƏT ABBASOV

(1926-2012)

 

Azərbaycan MEA-nın həqiqi üzvü, Rusiya EA-nın müxbir üzvü, əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Midhət Teymur oğlu Abbasov 31 iyul 1926-cı ildə Bakıda dünyaya gəlib. 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsini bitirib. 1951-ci ildən Azərbaycan EA-da işləyib, müxtəlif illərdə laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini, direktor, akademik-katib, AMEA-nın vitse-prezidenti kimi vəzifələrdə işləyib. Eyni zamanda SSRİ Ali Sovetinin deputatı, Azərbaycanın dövlət katibi olub. Neft və qaz yataqlarının nəzəriyyəsi və işlənməsi onun tədqiqat sahələrindəndir, bu sahədə məşhur elmi məktəbin yaradıcısı və rəhbəri olub. 640-dan çox elmi əsərin, 20 monoqrafiyanın, 43 müəlliflik şəhadətnaməsinin və 6 patentin müəllifidir. Dövlət Mükafatına, müxtəlif orden və medallara layiq görülən Midhət Abbasov 2012-ci il aprel 23-də Bakıda vəfat edib.

 

 

CAHANGİR NOVRUZOV

(1954)

 

Azərbaycanın xalq artisti, aktyor, rejissor, professor Cahangir Mütəllib oğlu Novruzov 1954-cü ilin bu günü  Bakı şəhərində doğulub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində SSRİ xalq artisti Mehdi Məmmədovun sinfində və SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət adamlarını Təkmilləşdirmə İnstitutunun rəhbər işçilər fakültəsində təhsil alıb, Moskva Malaya Bronnaya teatrında staj keçib. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında həm quruluşçu rejissor, həm də aktyor, Gənc Tamaşaçılar Teatrının rus bölməsində baş rejissor kimi çalışıb. Bir çox bədii filmlərdə və tamaşalarda yaddaqalan obrazlar yaradıb. "Qazaxıstanın Fəxri Mədəniyyət Xadimi" medalı, "TÜRKSOY-un 20 illiyi" yubiley medalı və "Haldun Taner" mükafatı ilə təltif olunub. Cahangir Novruzov hazırda Türkiyənin Adana şəhərində Çukurova Universitetinin Dövlət Konservatoriyasının səhnə sənətləri bölməsində professor vəzifəsində çalışır. O, xalq artisti Nəsibə Zeynalovanın oğlu, görkəmli teatr xadimi Cahangir Novruzovun nəvəsidir.

 

 

QƏMBƏR HÜSEYNLİ 

(1916-1961)

 

Əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Muxtar oğlu Hüseynlinin anım günüdür. O, 1916-cı il aprelin 16-da Gəncədə dəmirçi ailəsində anadan olub. 1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə, 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna qəbul olunub. 1934-cü ildə daxil olduğu Bakıda Musiqi Texnikumunda violonçel və bəstəkarlıq siniflərində təhsil alıb. Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi, Sazçı Qızlar Ansamblının təşkilatçısı və bədii rəhbəri kimi vəzifələrdə çalışıb. "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma", "Gülə-gülə", "Sən-sən" əsərlərinin müəllifidir. Tofiq Mütəllibovun sözlərinə bəstələdiyi məşhur "Cücələrim" mahnısı isə dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. Qəmbər Hüseynli 1961-ci ilin iyulunda Bakıda dünyasını dəyişib və Gəncədə dəfn olunub.

 

 

HƏSƏN CƏBRAYILOV

(1949-2019)

 

Tanımış parodiyaçı, aktyor, müğənni, yazıçı, jurnalist, publisist və şair-qəzəlxan Həsən Xəlil oğlu Cəbrayılovun xatirə günüdür. O, 1949-cu il mayın 1-də İranın Tehran şəhərində dünyaya göz açıb. Bakıda 39 nömrəli tam orta məktəbdə, Rabitə Texnikumunda və Azərbaycan Politexnik İnstitutunda, Moskva Teatr İnstitutunun nəzdindəki estrada rejissorları fakültəsində təhsil alıb.  Bakı Elektrik Maşınqayırma Zavodunda elektromexanik, daha sonra uzun illər Azərbaycan Televiziyasının arxiv şöbəsində çalışıb. 1980-ci ildə ilk dəfə böyük səhnəyə Moskvada çıxıb. Yüzə yaxın dildə, 300-dən çox aktyor və müğənniləri parodiya etməyi bacarıb. Beş kitabın və 300-dən çox məqalənin, Ahəngi təxəllüsü ilə yazdığı müxtəlif səpkili şeirlərin müəllifidir. 1980-ci ildən 2005-ci ilədək müxtəlif ölkələrdə keçirilən festivalların qalibi olub. 2016-cı ildə "Tərəqqi" medalı ilə təltif olunan Həsən Cəbrayılov 2019-cu ilin iyulunda Bakıda vəfat edib.

 

 

ƏSƏD ƏHMƏDOV 

(1970-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Əsəd Cəlal oğlu Əhmədov da bu gün xatırlanır. O, 1970-ci il iyulun 15-də Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıdakı 5 saylı texniki-peşə məktəbində oxuyub. Sovet ordusu sıralarında Almaniyada tank qoşunlarında hərbi xidmətdə olub. 1992-ci ilin martında Milli Ordu sıralarına yazılıb. Şuşa rayonunun Zarıslı, Salatınkənd, Turşsu məntəqələrində, Laçın ətrafında, Ağdam rayonunun Şelli, Abdal, Gülablı, Güllücə, Papravənd, Naxçıvanik kəndləri uğrunda döyüşlərdə iştirak edib. 1992-ci ilin iyulunda Papravənd kəndi ətrafında döyüşdə qəhrəmancasına həlak olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə Əsəd Əhmədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Paytaxtın Yasamal rayonundakı küçələrdən biri onun adını daşıyır.

 

 

POLAD BƏYLƏROV

(1970-1992)

 

Şəhid Polad Bəylərovun xatirə günüdür. O, 1970-ci ildə Laçın rayonunun Alxaslı kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra sovet ordusu sıralarında hərbi xidmətdə olub. Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq Milli Ordu sıralarına qatılıb. Polad Bəylərov 1992-ci ilin iyulunda Laçın uğrunda gedən döyüşdə şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn olunub. Alxaslı kənd orta məktəbi onun adını daşıyır.

Müəllif | Apa.Tv
Apa.tv