Bütün bölməni mühasirədən çıxardı, özü şəhid oldu - Sənan Kərimovun “Ocaq Əmanəti”

Şəhid Sənan Kərimov... Qəhrəmanımız illərlə məcburi köçkün sözünün reallığı ilə yaşayıb, uşaqlıq, gənclik illərini də bu sözün ağırlığı altında keçirdib. Keçmişə boylanıb baxanda onun nə qədər çətin yollardan keçdiyinin şahidi olacağıq.

 

Sənan Kərimov 29 mart 1991-ci ildə Ağdamda dünyaya gəlib. Kərimovlar ailəsinin üç övladından ikincisi olan Sənan həm də ailənin yeganə oğul övladıdır.

 

1993-cü ildə Ağdam rayonu işğal edilərkən Senan hələ ana qucağında olan bir körpə olub. Ailəsi digər soydaşlarımız kimi öz evindən, yurdundan çıxarılıb və sonra Bakı şəhərində bir bağça binasında məskunlaşıb.

 

Vətən müharibəsi şəhidi Sənan da bu evdə böyüyüb, elə bu evdən də sonuncu mənzilinə yola salınıb. Bu evin hər bucağı Sənanın şəkilləri, xatirələri ilə bizi öz təsirinə almışdı. Övladının qoxusunu şəkillərdə, tər çiçəklərdə axtaran bir ana var qarşımızda. Sənanın yoxluğu ilə bu günə qədər barışmayan, ölümün acısını qəbul etməyən bir ana. Ətrabə ana... Bir şəhid anası üçün çox çətindir yeganə oğul övladı haqqında danışmaq. Çünki Ətrabə ana Sənan haqqında keçmiş zaman dünyasında danışmır, ona görə oğlu hələ də sağ, bu gündə onun yanındadır. Amma Sənanı tanımaq üçün Ətrabə ananı az da olsa danışdırmağa çalışdıq...

 

1992-ci ildən bu günə qədər 204 saylı orta məktəb 5 məzunu torpaqlarımızın müdafiəsi və azadlığı uğurunda şəhid verib. Təsadüfi deyil ki, məktəbin adı da 1-ci Qarabağ müharibəsi şəhidi Ələkbər Əliyevin adını daşıyır. Sənan Kərimov da 1997-ci ildə məktəbin 1-ci sinfinə daxil olub və 9-cu sinfə qədər burada orta təhsil alıb. Oxuduğu müddətdə heç də digər şagirdlərdən seçilməyən Senan indi bütün uşaqların tanıdığı və qürur duyduğu bir qəhrəmandır. Hətta adının verildiyi sinif otağı belə şagirdlərin vətənpərvər ruhda böyüməsinə şərait yaradıb.

 

Kərimovlar ailəsi müharibənin dəhşətini çox yaxşı bilirdilər. Məhz elə bu səbəbə görə ailə tək oğlunun hərbiyə getməyini arzulamayıb. Çünki qismətdə şəhidlik kimi uca bir məqamın gətirdiyi böyük bir ayrılıq ola bilərdi. Amma buna baxmayaraq Sənan 9-cu sinfi bitirən kimi Cəmşid Naxçıvaniski adına hərbi liseyə qəbul olub. Zabitliyə gedən yolunun təməlini bu təhsil ocağında atan Sənan 3 il burada təhsil aldıqdan sonra biliyini ali dərəcəyə çatdırmaq üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub.

 

Sənan Kərimovun 30 illik ömründə ürəyi hər zaman vətən eşqi ilə döyünüb. Amma gənc oğlanın həyatında elə bir dövrü var ki, orada ikinci bir sevgi dövrü də pərvazlanıb. Ailə qurmaq, övlad sahib olmaq istəyən Sənan Kərimov ailəsinin də tanıdığı bir xanıma aşiq olub. 2018-ci ildə valideynlərinin xeyir-duası ilə nişanlanan gənclər 3 il nişanlı qalıb. Təəssüflər olsun ki, pandemiyanın yaratdığı çətinliklər və müharibənin gətirdiyi dəhşət onları bir ömür ayrı salıb.

 

Sənan Kərimov Akademiyanı bitirdikdən sonra 1 il Təlim-tədris mərkəzində kurs keçib, daha sonra leytenant rütbəsi ilə Qusarda yerləşən N saylı hərbi hissəyə təyinat alıb. Bir müddət orada xidmət etdikdən sonra Fizulidə xidmətini davam etdirib, ən sonunda isə Bakıda yerləşən N saylı hərbi hissədə bölük komandiri vəzifəsində xidmət edib. Hərbi savadı yüksək olan Sənan hər zaman hərbi hissədə yuxarı komandanlığın da diqqətindən yayınmayıb.

 

Müharibədə iştirak edən hər bir döyüşçümüzün həyatına nəzər yetirsək görərik ki, onların sonuncu dəfə doğmaları ilə sağollaşmağı unudulmayan xatirələrdəndir. Elə o xatirələri unudulmaz edən də vətən uğrunda canından keçən qəhrəmanlarımızın şəhidliklə geri qayıtmasıdır. Sənan Kərimov illərlə keçdiyi hərbi hazırlığının, təlimlərinin bir gün döyüş meydanında reallaşacağını bilirdi. Axı o söz vermişdi, doğulduğu torpağını geri alacaqdı. O fürsət Sənan və onun kimi oğullarımıza 27 sentyabr 2020-ci ildə verildi. Baş leytenant ailəsi ilə də sonuncu dəfə müharibədən bir gün əvvəl sağollaşıb ön cəbhəyə yola düşüb.

 

44 günlük savaş hər bir hərbiçimizin, döyüşçümüzün hünər, öz gücünü düşmənə göstərmə meydanı olub. Hər bir hərbi hissənin qarşısına qoyulan döyüş tapşırığı fərqli olsa da, sonda bir amal olub. Torpaqlarımız düşməndən azad olunmalıdır! Sənan Kərimovun da xidmət etdiyi hərbi hissə illərdir bu günə hazırlaşır və bu gün üçün o həyəcan təbilini çalmağı planlaşdırırdı.

 

Bir neçə gün ərzində Sənan Kərimovun da olduğu tabor qarşıya qoyulan döyüş tapşırığına əsasən hakim yüksəkliyi ələ keçirib. Bu zaman məğlubiyyəti qəbul etməyən düşmən öz hiyləsindən geri qalmayaraq ordumuza itki yaşatmağa çalışıb.

Oktyabrın 7-də növbəti hücum əməliyyatı zaman ordumuz şəhid və yaralıları versə də, döyüş tapşırığı uğurla yerinə yetirilib. Amma bu uğurun ardında vətənin igid oğulları öz silahdaşlarına yaddan çıxmayacaq bir iz buraxıb. Baş leytenant Sənan Kərimovun şəhidliyi kimi...

 

Kərimovlar ailəsi cəbhədə gərgin döyüşlərin getməsinə baxmayaraq, Sənanla az da olsa telefon əlaqəsi saxlayıb. 7 oktyabrda Kərimovlar ailəsi hərbi hissədən edilən zəng vasitəsi ilə dolayı yolla xəbərdən halı olub. 8 oktyabr isə şəhidimizin nəşi illərlə vətən həsrətindən sığındığı, böyüdüyü bağça binasına gətirilib. İnsanların izdihamı, 3 rəngli bayrağımızın səmada dalğalandığı gün ailə şəhidini qarşılayıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv