Döyüş yolu Şuşadan keçdi, Şuşa azad olunduğu gün şəhid xəbəri gəldi - Mayor Fərid Ələkbərovun “Ocaq əmanəti”

“Ocaq əmanəti” komandası olaraq yenə bir şəhid ailəsinin ünvanına yollanırıq. O şəhid ki, doğmalarını geridə qoyaraq vətənin müdafiəsinə qatılıb. Vətən müharibəsinin qəhrəman oğullarından biri, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə ” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilən şəhid mayor Fərid Ələkbərov...

Vətən savaşında qəhrəmanlığı ilə yaddaşlara həkk olan zabitimiz.  Bütün ailə üzvlərinin, dostlarının yığışdığı bu mənzil indi onun xatirələrlə dolu olan bir məkanına çevrilib. Bəs bu qəhrəmanımız kimdir? Fərid Tahir oğlu Ələkbərov 18 iyul 1980-ci ildə Bakı şəhərində anadan olub. Tanrı onu bu dünyaya tək yox əkiz qardaşı Rüfətlə bir yerdə göndərmişdi. Onlar əslən Nardarandan olsalar da, Fərid və qardaşı “Sovetski” deyilən ərazidə böyüyüblər.

 

O artıq böyüdükcə düşmənə kin, nifrət bəsləyirdi. 20 Yanvar hadisəsindən sonra Şəhidlər Xiyabanının daimi ziyarətçilərindən biri də Fərid olub. Ailəsinin ona verdiyi cib xərcliyinə hər zaman qərənfil güllər alaraq şəhidlərimizin məzarına gedib, onların xatirəsini yad edib. Və daha sonra 1992-ci ildə Xocalı faciəsinin baş verməsi ondakı qisas hissini daha da gücləndirib. Torpaqlarımızın azadlığı və şəhidlərimizin qisasını almaq üçün hərb peşəsini seçib. Elə bu məqsədlə 1996-cı ildə Türkiyənin İstanbul şəhərindəki Kuleli Hərbi Liseyini, 2000-2004-cü illərdə Ankaradakı Kara Harp okulunu, daha sonra Eğindik şəhərindəki Dağ Komando okulunu, 2004-2005-ci illərdə Ankaranın Polatlı qəsəbəsindəki Topçu məktəbində hərbi təhsilini uğurla başa vurub.

 

Zabit kimi vətənə qayıdan Fərid Ələkbərov Heydər Əliyev adına Ali Hərbi Məktəbdə artilleriya ixtisası üzrə məktəbin gənc kursantlarına dərs deməyə başlayıb. Ordumuza peşəkar zabitlər yetişdirən mayor bilirdi ki, nə olursa-olsun bir gün öz tələbələri ilə birgə torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə silah yoldaşı olacaq.

 

Ömrünü hərbiyə həsr edən zabitimiz 2013-cü ildə ailə həyatı qurub. Bu evlilikdən 2016-cı ildə Tahir adlı oğlu dünyaya gəlib. 2016-cı il onun yaddaşında həm kədərli, həm də sevincli gün kimi qalıb. O bu ildə həm atasını itirib, həm də illər sonra dünyaya gələn oğlunu qucağına alıb. Atası ilə uzun illəri bir yerdə yaşamaq balaca Tahirə qismət olmadı. İndi bu evdə 5 yaşlı Tahir hər kəsə “atam haradadır?” sualını ünvanlayır.

Doğmaları Tahirin bu sualı qarşısında aciz qalsa da, onun istəklərini yerinə yetirməklə ata həsrətinə az da olsa kömək olmağa çalışırlar.

 

Səbirlə “irəli” əmrini gözləyən hərbiçilərimizdən olan Fərid Ələkbərov 27 sentyabrda əzizləri ilə görüşüb, sağollaşıb. Şəhidin anası Şükufə xanım deyir ki, hər zaman ziyarətimə mülki formada gələrdi. Bu dəfə isə hərbi formasını geyinib gəlmişdi. Müharibə olacağı barədə bizə bir söz demədi, amma təlimlərin başlayacağını dedi. Sentyabrın 28-də yola düşən Fərid Ələkbərov Gəncədə yaradılan könüllülərdən ibarət dəstəyə minbat vəzifəsində komandirlik edib. Onları döyüş vəziyyətinə hazırlamaq üçün günlərlə təlimlər keçib, minaatanların atış qaydalarını döyüşçülərə öyrədib. Sonda isə Fizuliyə gələrək təlimləri çöl, dağ, düzənlik ərazilərdə davam etdirib.

 

Vətən müharibəsi başlayan gündən 30 ilə yaxın səbirsizliklə gözlədiyimiz Qarabağımıza artıq günlər qədər yaxınlaşırdıq. Hər rayonun, kəndin azadlığı bizi zirvələrdə dayanan Şuşaya aparırdı. Noyabrın 8-i bütün insanların qulağı illərdir gözlədiyi xəbəri eşitmək istəyirdi. Və elədə oldu. Millət olaraq Şuşanın azad edildiyini eşitdik. Bu şad xəbər bütün ölkənin bayram sevincinə, insanların göz yaşlarına səbəb oldu. Hər birimiz yaxşı bilirdik ki, düşmən bu məğlubiyyətlə barışmayacaq və yenidən Şuşaya hücum edəcək. Bu baxımdan Şuşada möhkəmlənən bölmələrimiz Xankəndi yüksəklikləri istiqamətində irəliləyən düşmən hücumlarının qarşısını almağa müvəffəq olur. Fərid Ələkbərov ixtisasca artilleriyaçı olsa da, həmin gün düşmənlə üz-üzə mövqedə döyüş aparıb.

 

8 noyabr tarixi kədər və qürurun yanaşı getdiyi gündür Ələkbərovlar ailəsində. Fəridin doğmalarına onun şəhid olduğu deyilsə də, rəsmi olaraq verilməyən hər bir məlumat onlarda ümid yaradıb. Fərid günlərlə hər yerdə axtarılsa da nəşinin tapılmamağı ailəsində düşmənə əsir düşdüyü və ya itkin olduğu barədə şübhələr yaradıb. Əzizləri Fəridin sağ geri qayıdacağına inansalar da, noyabrın 15-i hər kəsin eşitmək istəmədiyi o ağır xəbər ailəsinə, dostlarına verilir.

 

İndi onu yaşadığı evdə Fəridin hər gün səhər gözlərini açdığı, bəzən duyğulandığı, bəzən isə kədərləndiyi otağında şəxsi əşyaları saxlanılır. Bütün əşyaları otağında yaradılan guşədə öz əksini tapıb. Hərbi geyimlərindən tutmuş, şəhid olduğu gün cibindən çıxan pullarına qədər hər biri dəyərli, qiymətlidir. Yaz gəlsə də, bu ev bir başqa soyuqdur. Divarlarının dili olsaydı, bəlkə də Fəridin ən xoşbəxt xatirələrini danışardı. Amma bu divarlar və otaqdakı hər bir əşya Fəridin qəhrəmanlıq hekayələrindən danışır.

 

Ordumuzun mayoru, dövlətimizin qüruru Fərid Ələkbərovun evində olarkən adına yaradılan guşənin üzərində yazılan yazı diqqətimizi çox çəkmişdi. “Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün”. Bəli, bu gün biz yurdumuzun əmin-amanlığını məhz həmin şəhidlərimizə borcluyuq. Onların əziyyətini qiymətləndirmək isə bizim ən ümdə borcumuzdur.

 

Müəllif | Apa.Tv
Apa.tv