Düşmənin çertyoj və xəritələrini ələ keçirib məhv edən kapitan Fəzail Əliyevin “Ocaq Əmanəti”

27 sentyabr 2020-ci il...Qəhrəmanımızın döyüş yolu həmin tarixdən başlasa da, illərlə ordunun gizli qüvvələrindən biri olub. Kapitan Fəzail Əliyev... Bir çox xarici ölkələrdə hərbi təlimlər keçib, kəşfiyyatın sirlərinə dərindən yiyələnib, yaşının 30-da elə sentyabrın 30-da da Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb igidimiz...

“Ocaq Əmanəti”nin bu dəfə ki, qəhrəmanı Fəzail Cahan oğlu Əliyevdir.

Bu vətənin minlərlə qəhrəman oğlu var. Müxtəlif yerlərdə doğulub, böyüyən, yaşayan və fərqli ailələrə sahib olan şəhid oğulları. Bu igidlərdən biri də 5 noyabr 1990-cı ildə Azərbaycanın ən gözəl guşələrindən biri - Zaqatala rayonunun Bəhmətli kəndində anadan olan Kapitan Fəzail Əliyevdir. Çəkilişlərimizə Fəzailin yeni aldığı, amma içərisində uzun illər yaşamaq qisməti olmadığı evindən başladıq. Şəhidimizin valideynləri Zaqatala rayonunda yaşasa da, müsahibəmiz üçün Bakıya gəlib övladları haqqında öz xatirələrini bizimlə bölüşdülər.

Fəzail ailənin ilk övladı olub, özündən başqa bir qardaşı da var. Ailənin hər bir üzvü üçün onun haqqında danışmaq çətin olsa da, söhbətimizə başlayırıq.

Fəzail Əliyev 1996-cı ildə şəhid Ələddin Cavadov adına Bəhmətli kənd orta məktəbinə gedib və 8-ci sinfə qədər burada oxuyub. Təhsil aldığı müddətdə sinifdə seçilməyi bacarıb. Bilik və bacarıqlarından tək özü üçün yox, həm də sinif yoldaşlarının faydalanması üçün istifadə edib.

Hərb peşəsi elə bir sehrli sahədir ki, bəzən onu lap uşaqlıq illərindən kəşf etməyə başlayırsan. Fəzailin doğmaları deyir ki, o, hələ uşaqkən taxta parçalarını birləşdirib özünə avtomat silah düzəldərmiş. Qəribədir, illər keçəcək və o taxta silah gerçəyi ilə əvəzlənəcəkdi.

Fəzail 2004-cü ildə Cəmşid Naxçıvaniski adına hərbi liseydə 3 illik tədrisini başa vurub. 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub və oranı da müvəffəqiyyətlə bitirdikdən sonra, 1 il müddətinə Təlim-Tədris mərkəzində “Zabit ixtisası kursu”nu keçib.

Kəşfiyyatçı zabitimizin ailə həyatı qurduğu xanım heç də uzaqlarda olmayıb. Hələ orta məktəbdə paralel sinifdə oxuduğu Əsmər xanıma “mən gedirəm Bakıya oxumağa, gözlə məni” misralarının yazıldığı məktubu verib. Onun yolunu gözləyən Əsmər illər sonra Fəzaillə yenidən qarşılaşıb və bu qarşılaşma onların nişanlanmasına, daha sonra isə qovuşaraq evlənmələrinə səbəb olub. Bakıda 5 il Prikişkül qəsəbəsində yaşayan cütlük ən xoşbəxt ailələrdən olub...

Fəzail və Əsmər cütlüyünün 2 övladı var. 8 yaşlı Xuşi və 3 yaşlı ....

Fəzail övladlarına çox bağlı bir ata olub. İşindən vaxt tapdıqca övladlarına saatlarını, günlərini həsr edib. Qızı Xuşi məktəbli olduğundan Fəzailin onunla bağlı arzuları da tükənməz olub. Onun təhsilinə önəm verib, bütün istəklərini gerçəkləşdirməyə çalışıb. Xuşi deyir ki, “mən böyüyəndə polis olacağam, çünki atam məni polis formasında görmək istəyirdi”. Xuşi olduqca həssas uşaqdır, elə atası ilə bağlı xatirələrini də bu həssaslıqla danışır...

Hər bir hərbiçinin xüsusi bir xidməti yolu var. Fəzail Əliyev fəaliyyəti dövründə kəşfiyyat bölüyünün kəşfiyyat tağım komandiri, Əməliyyat İmkanları konsepsiyası kəşfiyyat bölüyünün dərin kəşfiyyat tağımının komandiri, kəşfiyyat məlumatlarının təhlili üzrə  müavini, komandiri və hərbi hissənin kəşfiyyat bölməsi rəisinin məlumatların toplanılması üzrə köməkçisi vəzifələrində xidmət edib.

Dəfələrlə edilən təxribatlar onu göstərirdi ki, düşmən bir gün mütləq ordumuz tərəfindən layiqli cavabı alacaq. Düşmənin hücumuna əks hücum cavabı verən bölmələrimiz sentyabrın 27-dən onlara qənim kəsildi. Həmin vaxt döyüşə ilk girən bölmələrimizdən biri Fəzail Əliyevin xidmət etdiyi hərbi hissə olub. 27 sentyabr tarixində bölük komandiri Fəzailin xidmət yoldaşı Şamxal yaralandıqdan sonra, döyüş meydanından onu çıxardıb və özü qrup komandiri kimi döyüşü aparıb.

Vətən müharibəsində Qarabağın hər bir qarışı üçün 3000 minə yaxın şəhid verdik. Torpaqlarımızın azadlığı uğrunda kiminin döyüş yolu 44 gün, kiminin isə çox qısa çəkib. Onların içərisində kapitan Fəzail Əliyevin 3 günlük döyüş yolu Fizulinin Qaraxanbəyli kəndində tamamlanıb. Şəhidliyindən 20 dəqiqə qabaq “Kəlmeyi-şəhadətini” söyləyərək sentyabrın 29-da vətən uğrunda gözlərini əbədi yumub qəhrəmanımız. Döyüşlər vaxtı ilk gündən sonuncu günədək Fəzailin yanında olan silahdaşı İslam Rzayev həmin günü belə xatırlayır...

Vətən müharibəsi başlayan gündən Fəzail doğmalarına nigaran qalmasınlar deyə döyüşlər barədə məlumat verməyib. Evdən çıxıb gedərkən də ailəsindən halallıq alıb və təlimə gedəcəyini deyib. Bu səbəbdən Əliyevlər ailəsi nə Fəzailin qısa zaman ərzində şəhid düşəcəyini, nədəki təlimlərin bu qədər geniş miqyaslı olacağını düşünməyiblər. Bəlkə də bu səbəbdən onlar qəfil verilən şəhid xəbərinə inanmaqda çətinlik çəkiblər. Amma sentyabrın 30-u Zaqatala rayonu öz şəhidini 3 rəngli bayraqlarımızla və insanların izdihamı ilə qarşılayıb.

 

Hansı şəhid ailəsindən soruşsaq ki, “şəhid doğmanızı yuxunuzda görmüsünüzmü?“ hər biri, “bəli, görmüşük” cavabını söyləyəcək. Şəhid ailələri üçün yuxular sanki bir görüş yeridir, ən əzizini görüb, ona ruhən yaxın olduğunu hiss etmək kimi... Validə ana da Fəzaili indi yuxularında axtarır, yuxularında görüşür şəhid oğlu ilə...

Fəzailin həyat hekayəsini dinləyərkən onun nə qədər dost canlı olduğunun şahidi olduq. Hələ kursant olduğu zamanlarda ən yaxın dostları olub. Hansı ki 2016-cı ilin Aprel döyüşləri və 2017-ci il fevral döyüşləri zamanı o kursant yoldaşlarını şəhid verib. Baş leytenant Elvin Namazov və baş leytenant Şahlar Nəzərov... Fəzail qəhrəman qardaşlarının şəhidliyindən dərin sarsıntı keçirdib, onların yoxluğunu qəbul edə bilməyib. İndi özü də onların cərgəsindədir. Şəhidliyi ilə qovuşduğu əbədi cənnət diyarında, dostlarının yanında..  

Şəhidliyindən sonra Fəzail Əliyev “Vətən uğrunda“ və ”Fizulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Özü isə Vətənə ailəsini və 2 övladını əmanət qoyub. O əmanətlərə hər zaman dəstək olmaq və şəhidlərimizin xatirəsini əziz tutaraq onların ruhunu şad etmək hər birimizin vətəndaşlıq borcudur.

Müəllif | Apa.Tv
Apa.tv