Həyatın təkrar yazısı... XTQ-nin zabiti, kapitan Veysəl Müsibovun ”Ocaq Əmanəti”

 

Əslən Naxçıvandan olan Veysəl Yadulla oğlu Müsibov 15 fevral 1989-cu ildə Qazaxıstanın Taldı-Kurqan vilayətinin Kirov qəsəbəsində anadan olub. Daha sonra ailəsi vətənə qayıdaraq Naxçıvanın Şahbuz rayonunda yaşamağa başlayıb. Veysəlin uşaqlıq illəri burada keçib və 2 yaşı olarkən atası dünyasını dəyişib.

Vahid Ələkbərov adına Səlsüz kənd orta məktəbini 7-ci sinfə qədər oxuyan Veysəl sənədlərini Naxçıvanda yerləşən Heydər Əliyev adına hərbi liseyə verib və 2007-ci ildə liseyi bitirib.

Təhsilini Bakıda Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirib və oranı bitirdikdən sonra Təlim-tədris mərkəzində 1 il ixtisas artırma kursunu keçib. Daha sonra N saylı hərbi hissədə tağım komandiri vəzifəsinə təyin olunub. O əldə etdiyi bütün nailiyyətlər üçün çox əziyyətlər çəkmişdi və qarşısına qoyduğu hədəflərə addım-addım çatırdı. Veysəlin növbəti hədəfi isə ordumuzun elit təbəqəsi sayılan Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət etmək idi. 2012-ci ildə bu bölməyə qəbul olmaq üçün Veysəl xüsusi kurs keçib. Və o qırmızı beretə sahib olaraq adını bu bölmənin şəxsi heyətinə yazdırıb. Burada əməliyyat qrup komandiri vəzifəsinə təyin olunan Veysəl Müsibov bir çox təlimlərdə iştirak edib, gizli tapşırıqların öhdəsindən gəlməyi bacarıb.

Müəllif | Apa.Tv
Apa.tv