Ruhu Şuşada dolaşan şəhid - Əfsanəvi Tofiq Oğuzun “Ocaq Əmanəti”

Birinci Qarabağ savaşının əfsanəvi qəhrəmanlarından biri Tofiq Qafar oğlu Rzayev 1945-ci ildə Oğuz Rayonunun Yaqublu kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra iki il Sumqayıt Texnologiya Texnikumunda oxuyub, daha sonra Rusiyanın Sankt-Peterburq şəhərində hərbi xidmət keçib.

 

Hələ gənc yaşlarında idmana olan böyük marağı onu Azərbaycanda Sambonun banisi İsmayıl Əhmədovun sinfinə gətirib çıxardıb. 1961-62-ci illərdə Azərbaycanda gənclər arasında keçirilən yarışlarda birinci yerin sahibi olub. Bununla kifayətlənməyən Tofiq Oğuz ölkə hüdudlarında da sambo üzrə nailiyyətlər əldə edib. SSRİ idman ustası adını alan, beynəlxalq dərəcəli hakim kimi Ümumittifaq yarışlarında, turnir və çempionatlarda Azərbaycanı təmsil edib. Uzun illər Bakı və Sumqayıtda müəllim işləyib, daha sonra öz elinə, obasına  qayıdaraq burada rayon rəhbərliyinin diqqətini cəlb edib və Oğuz Rayon İdman  Komitəsinin sədri vəzifəsinə təyin olunub. Vətənini azad və müstəqil görmək istəyən Tofiq Oğuz 1988-ci ildə başlayan milli azadlıq hərəkatının fəallarından biri olub, siyasi meydana atılıb, ətrafına hərəkat tərəfdarlarını toplamağı bacarıb və AXC-nin Oğuz Rayon Şöbəsinin liderinə çevrilib.

 

1988-ci il iyunun 18-də Güləsər xanımla ailə həyatı quran Tofiq Oğuzun üç övladı dünyaya gəlib. Oğlu, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Polad Rzayev 2020-ci il Vətən Müharibəsində gedən döyüşlərdə minaya düşərək iki ayağını itirib.

Müəllif | Apa.Tv
Apa.tv