Şəhidin həyat yoldaşı: “O, mənim həm atam, həm anam, dostum, hətta körpəm idi” –Eltun Qasımovun “Ocaq Əmanəti”
Milli mahnılarımızı aranjeman edib, bu sayədə, Türkiyədə, Rusiyada, Amerikada tanınan musiqi qrupunun üzvi olub. Bir vaxtlar milyonlarla izləyici qazanıb, indi isə milyonların qəlbində taxt qurub öz şəhidlik adı ilə. Vətənin bütövlüyü uğrunda canından keçən igidlərdən biri Eltun Qasımovdan bəhs edirəm. Təsadüflər onu tək buraxmayıb. Dünyaya gəlişi müstəqillik gününə təsadüf edən ailənin yeganə oğul övladı özünün 26-cı doğum günündə sonuncu mənzilinə yola salınıb.
“Ocaq Əmanəti”nin bu günkü buraxılışında Eltun Qasımlının həyat və döyüş yolu ilə tanış olacaqsınız.
Qasımovlar nəslinin illərlə gözlədiyi gün - 18 oktyabr 1994-cü il... Qəhrəmanımız bu tarixdə Bakı şəhərində doğulub, ailəsinin, doğmalarının qəlbindəki oğul övladı intizarına son qoyub. Eltun Qasımov... Əslən qərbi Azərbaycandan olsalar da, 1988-ci ildən sonra Bakıda Binəqədi rayonu “Varovski” deyilən ərazidə yaşayıblar. Eltunun uşaqlıq illəri orada, gənclik illəri isə doğmalarının yaşadığı bu binada keçib. Binanın qarşısında Eltun Qasımovun xatirəsini əbədiləşdirən lövhə var. Valideynlərinin təşəbbüsü ilə bu abidə yaradılıb. Mənzilin qapısı üzümüzə açılarkən şəhidimizin divarlardan asılmış şəkli bizi qarşılayıb, evində qonaq elədi. Bu evdə Eltunun ən yaşlı doğmasından tutmuş evin ən balaca şirin şəkər sakininədək hər kəsin şəhidimizlə bağlı xatirələri var. İndi o xatirələrlə hər biriniz tanış olacaqsınız.
2001-ci ildə orta məktəbə başlayan Eltun Qasımov 6-cı sinfə kimi Azər Məmmədov adına 115 saylı məktəbdə oxuyub, 2007-ci ildən isə 1-ci Qarabağ müharibəsi şəhidi Bəhruz Nuriyev adına 250 saylı orta məktəbdə təhsilini davam etdirib.
İnsan böyüdükcə arzuları da böyüyür. Elə bu baxımdan Eltun orta məktəbi bitirdikdən sonra, ali təhsilini 2012-2016-cı illərdə Azərbaycan Texniki Universitetinin Mühəndis biznesi və menecment, sənayenin təşkili və idarə olunması fakültəsində alıb.
Qəhrəmanımız ali təhsilini başa vurduqdan sonra, 11 iyul 2016-cı ildən, 4 iyul 2017-ci ilədək Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə vətənə olan hərbi xidmət borcunu yerinə yetirib... İndi məqam başqadır. Eltun artıq ali təhsillini, hərbi xidmətini yerinə yetirib, işində çalışan bir gənc olaraq ailə həyatı qurmalı idi. Onun bu xoşbəxtliyinə valideynləri səbəbkar olub və qohumları olan Pərvin xanımla ailə qurmağına razılıq veriblər. Pərvin və Eltun hekayəsi də ondan sonra başlayıb...
Qasımovlar ailəsinin sıxıntılı keçən bir dövrü olub. Eltunun atası Vüqar müəllimin sağlamlığında, bu günə qədər hələ də davam edən narahatlıq yaranıb. Amma həmin vaxtlarda ailəyə körpənin gəlişi sanki onlara bir stimul bəxş edib. Eltun əvvəl oğluna atasının adını vermək istəsə də, el inancına görə “düşər-düşməzi olar” deyib və körpə oğluna Zeyn adını verib. Zeyn həm nənəsinə, həm babasına, həm də ki, ata və anasına ən gözəl hədiyyə olub.
Eltun Qasımov vətən savaşının başladığı vaxt ilk çağrışçılardan olub. Hətta bu məlumatı öncə telefon zəngi ilə öyrənib. Çağırış vərəqi gələnə qədər doğmalarına “özüm gedəcəyəm hərbi komissarlığa, Vətən məni seçib çağırıbsa, o qapımı döymədən mən könüllü torpağımı azad etməyə hazıram. Oğlum Zeynə qalmasın deyə mən gedirəm bitirməyə” deyib və ailəsi ilə sağollaşaraq əvvəl təlimlərə, sonra isə döyüşlərə qatılıb.
Hər kəsə məlumdur ki, döyüşlər vaxtı düşmən Xocavənd rayonunun Hadrut qəsəbəsini itirmək istəmirdi. Savaşın ən gərgin nöqtələrindən biri də elə bu qəsəbədə idi. Hadrut azad edilsə də, düşmən meşəliklərdə gizlənərək ordumuza hücumlar təşkil edib, bölmələrimizin müdafiəsinə, möhkəmlənməsinə əngəllər yaradıb. İşğalçı qüvvə bilirdi ki, ordumuz həmin ərazilərdən keçib daha böyük yüksəklikləri tutacaq. Bu baxımdan məkrli niyyətindən əl çəkməyib və ordumuza qarşı tələlər qurub. Çox gözəl bir deyim var ki, “torpaq su ilə qarışarsa palçıq, qanla qarışarsa adına vətən deyilər”. Eltun Qasımov və onunla birgə şəhid və yaralı olan oğullarımız, 15 oktyabr tarixində düşmənin “su” tələsinə düşüb.
Həmin gün o şəhidlərdən biri də Eltun Qasımov olur...
Şəhidimizin doğmaları deyir ki, son günlər Eltun onlarla telefon əlaqəsi saxlamayıb. Elə hey düşünüblər ki, mütləq ad günündə zəng vurub səsini sevdiklərinə eşitdirəcək. 18 oktyabrda Qasımovlar ailəsinin cəbhədən gözlədiyi zəng gəlib. Amma bu zəng onları sevindirmək əvəzinə, ömürlərini solduracaq ən ağır xəbəri verib. Eltunun şəhid olduğunu eşidən ailəsi, onu Fizulidə xəstəxanalarda axtarmağa başlayıb. Sonda Eltunun diaqnostika xəstəxanasının həyətində şəhidlər üçün qurulan çadırda olduğu bildirilib.
Eltun Qasımov hərbiçi olmasa da, sırf vətənə olan sevgisi və torpağa bağlılığına görə, bu torpağın vətəndaşı olaraq cəbhədə döyüşçü oldu, vətən qarşısındakı imtahanından uğurla keçdi. Düzdür bu uğurda öz canından, qanından keçdi, amma oğlu Zeynə və onun kimi körpələrə qələbə və əmin-amanlıq sevincini yaşadaraq əbədi dünyasına qovuşdu. İnanırıq ruhu da şaddır.
Eltun Qasımlının savaş vaxtı göstərdiyi igidliyə və mərdliyə görə, ölümündən sonra “ Vətən uğurunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Rahat uyu şəhidim, uğurunda canından keçdiyin torpağın övladları səni heç vaxt unutmayacaq!