Tələbələrdən hər ay “könüllü” tutulan pullar hara gedir?
Azərbaycanda təqaüd alan kifayət qədər tələbə var. Tələbə təqaüdünün miqdarı isə o qədər də çox deyil. Bu azmış kimi təqaüdün müəyyən bir hissəsi də pul karta köçürülən dəqiqədə tutulur. Bəs bu pullar hara gedir? Bu sualın cavabını, deyəsən, heç tələbələr də bilmir. Bəs hər ay, təqaüd alan hər tələbədən kəsilən pullar hansı quruma gedir, Tələbə Həmkarlar İttifaqına, yoxsa banka? Suallarımıza cavab tapmaq üçün ilk növbədə Kapital Bankla əlaqə saxladıq. Bankın mətbuat katibi Arzu Əliyeva bildirdi ki, bank tərəfindən təqaüddən heç bir tutulma baş vermir. Məsələ ilə bağlı universitetlərin Tələbə Həmkarlar İttifaqı Komitələrindən də münasibət öyrəndik. Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəhra Hüseynova deyir ki, tələbələrin hamısı könüllü şəkildə ərizə ilə komitəyə üzv olurlar. Buna görə də hər ay təqaüdlərinin müəyyən hissəsi tutulur. BDU Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri Hacıbaba Mustafayev isə bildirir ki, yığılan pullar tələbələrin sosial və ictimai fəaliyyətləri üçün xərclənir. Maraqlıdır, bu tələbələrin hara pul ödədiklərindən xəbərləri yoxdursa, könüllü şəkildə necə bu komitəyə üzv olublar? Tələbə təqaüdünün az olduğunu deyən Elşən Qafarov həmçinin bildirir ki, hər ay Həmkarlar İttifaqı tərəfindən 2 faizin tutulması tamamilə haqsızlıqdır.
LƏMAN SALEHOVA ARİF ƏLİYEV APA TV