2021-ci il nə ilə yadda qaldı? - “İlqar Əlfioğlu ilə gündəm”də
Yola saldığımız 2021-ci ildən gözləntilərimiz çox idi. Axı tarixi qarşıdurmada misilsiz qələbəmizi çalıb, torpaqlarımızı azad etməklə, adımızı tarixə yazmışdıq və illər ayrıcında münaqişədən sonrakı dönəmin ilk quruculuq ilini yaman gözləyirdik.
Bəri başdan bunu qeyd edim ki, bu ilimiz respublikamızda bir çox mühüm proseslərin başlanğıcı oldu. Azərbaycan torpaqlarını azad edən kimi, dağılmış şəhərlərimizin kəndlərimizin bərpasına başladı. Və bununla, bütün dünyaya öz mesajımızı ötürdük, Qafqaz regionunda sülh, tərəfdaşlıq, qarşılıqlı etibar mühiti istədiyimizi göstərdik.
İlimiz Qarabağ ətrafında mühüm danışıqlarla başlandı, yanvar ayının 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında görüş baş tutdu. Bu tarixi görüşdə keçmiş münaqişə nahiyəsindəki vəziyyət, 2020-ci ilin 9 noyabrında 44 günlük müharibənin yekun sənədində göstərilən bəndlərin icrasının gedişi, tərəflərin üzərinə düşən vəzifələr dərindən müzakirə edildi, bütün iqtisadi əlaqələrin və nəqliyyat yollarının açılması üçün birgə bəyanat imzalandı.
Yanvarın 30-da bütün xalqımızın həyəcanla gözlədiyi daha bir hadisə reallaşdı, Ağdamda Türkiyə və Rusiyanın birgə monitorinq mərkəzi açıldı. Bu mərkəzin fəaliyyətə başlaması bir-birinə hələ inamsız yanaşan münaqişə tərəfləri üçün əlavə nəzarət mexanizminə çevrildi.
Şuşada isə mart ayının 20-də başlanan bayram tədbirləri bütün il boyu davam etdi. Həmin gün İlham Əliyev Cıdır Düzündə Novruz bayramı münasibətilə tonqal yandırdı. May ayının 12-13-də isə, orada Heydər Əliyev fondunun təşkilatçılığı ilə ənənəvi “Xarı Bülbül” festivalı oldu. Bütün tədbirləri televiziya kanallarında canlı yayımlanan məşhur festivalda Azərbaycanımızda yaşayan bütün xalqların musiqi kollektivləri öz bacarıqlarını nümayiş etdirdilər. Avqustda isə, şəhərdə böyük şairimiz Vaqifin adını daşıyan poeziya festivalı oldu.
İyun ayının 15-də Azərbaycan prezidenti İlham Əliyev və qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərində geniş müttəfiqlik münasibətləri barədə birgə deklarasiya imzaladılar və bu sənəd diplomatiya tariximizə Şuşa deklarasiyası adı ilə düşdü.
İyul ayının 7-də prezidentimizin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü” fərmanı imzalandı. Bu fərman gələcəyimizə təzə baxışın meyarlarını açdı və nəzərdə tutduğumuz islahatların ahəngini müəyyən edəcək struktur yenilənmənin bir təzahürü oldu.
Sentyabr ayının 18-dən 24-nə kimi Şuşada dahi bəstəkarımız Üzeyilr Hacıbəyovun adını daşıyan beynəlxalq musiqi festivalı keçirildi. Bu möhtəşəm festivaldan canlı yayımlar həmin günlərdə tədbiri göz yaşları içində izləyən bütün xalqımızın dərdlərinə bir növ, məlhəm oldu.
27 sentyabr... Qarabağ savaşının ikinci mərhələsinin başlandığı gün müharibədə canını qoyan qəhrəmanlarımızın, döyüşlərdə itkin düşənlərin, düşmən bombaları altında şirin canını itirən dinc insanlarımızın xatirə günü idi. Dövlət başçımız, vitse-prezidentimiz, üç mindən artıq hərbçi və kursantımız Bakı şəhərində şəhidlərin şəkilləri ilə dinc yürüş etdilər. Elə həmin gün Vətən Müharibəsi Xatirə kompleksinin və Qələbə muzeyinin təməlqoyma mərasimi oldu.
Oktyabr ayının 26-da Füzuli Beynəlxalq hava limanının açılışı oldu. Bu təyyarə limanı ölkəmizdəki yeddi beynəlxalq limandan biri idi. İndi Qarabağ bölgəsinə səfər edən sərnişinlər bu hava limanının xidmətindən geniş istifadə edirlər.
Noyabr ayının 5-də isə, VIII Qlobal Bakı forumu öz işinə başladı. Forum məlum pandemiya şəraitində keçirilsə də, dünyanın 40 ölkəsindən, 400-dən artıq yüksək rütbəli qonaqların iştirakı ilə yadda qaldı. Açılış tədbirində Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın, Böyük Britaniyanın baş naziri Boris Consonun və başqalarının müraciətləri oxundu.
Noyabrın 8-i tariximizə Azərbaycanın azadlıq savaşında Qələbə günü və mədəni paytaxtımız Şuşanın azad olunduğu gün kimi daxil olub. Azərbaycan Özünün bu Qələbə gününü Bakıda dinc nümayişlə qeyd etdi, qədim şəhərimizin əsas küçələrindən 440 metrlik Azərbaycan bayrağı keçdi. Bu möhtəşəm bayram İlham Əliyevlə Mehriban Əliyevanın Cıdır düzündə, Topxanada ağac əkmə mərasimi və prezidentimizin Şuşada yerləşən hərbçilərimiz qarşısında çıxışı ilə əlamətdar oldu. Bayram tədbirləri Bakı və Şuşada misilsiz atəşfəşanlıqla başa çatdı.
Noyabrın 26-da Rusiyanın Soçi şəhərində Azərbaycan və Ermənistan rəhbərlərinin Putinlə görüşü oldu. Tərəflər çox prinsipial məsələdə razılaşa bildilər, xoş niyyətlərini ortaya qoyub, iki dövlət arasındakı münaqişənin fəsadlarını aradan qaldırmaq üçün, sərhədlərin delimitasiyası üzrə xüsusi ikitərəfli komissiya yaratmaq qərarına gəldilər.
30 noyabr... Bu günü biz daim dərin hüznlə yad edəcəyik. Həmin gün Azərbaycan sərhəd xidmətinin vertalyotu Xızı rayonundakı Qaraheybət poliqonunda qəzaya uğradı. Bu müdhiş hadisədə 14 hərbçimiz həlak oldu, ikisi yaralandı.
Dekabrın 14-də Brüssel şəhərində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü oldu. Bu görüş Cənubi Qafqazda gedən sülh prosesinə bir növ beynəlxalq dəstək xarakteri daşıyırdı. Şarl Mişel hər iki ölkəni böyük sülh sazişi imzalamağa dəvət etdi. Brüssel görüşü Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq aləmdə geniş dəstək qazandığının göstəricisi oldu.
Dekabr ayının 28-də isə, Rusiyada, Sankt-Peterburq şəhərində MDB dövlətlərinin qeyri-formal görüşü keçirildi. Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi bu görüşdə dövlətlər arasında iqtisadi əlaqələrin yaxşılaşdırılması məsələləri müzakirə edildi...
Beləliklə, bir ilimiz də başa çatır. Sabah həyatımızın təzə, 2022-ci ili ilə açılacaq.
Təzə iliniz mübarək!