Xəstə təhsilimizin dərmanı nədir? - “İlqar Əlfioğlu ilə Gündəm”də
Son günlər sosial şəbəkələrdə məktəblərdəki mühit yaman araşdırılır. İstifadəçilər də xoşagəlməz hadisələrə münasibətdə, aralarında dərin uçurum olan iki dəstəyə bölünüb. Kimsə, tərbiyəsizlik edən uşaqlara sərt cəza istəyir, başqası o uşağın tərbiyə aldığı valideynləri günahlandırır, digəri təqsiri müəllimdə, təhsilimizdə, mühitdə görür. Amma, şəbəkəni izləyib, görürəm ki, belə hallarda müəllimi cəzalandırmaq deyəsən, təhsil məsullarımız üçün daha asandır. Neçə ilin müəlliminə verilən cəza son dövrün məhsulu olan xəstə təhsilimiz üçün dərmandırmı? Onsuz da zorla dolandığından çarəsiz vəziyyətdə olan müəllimin aldığı cəza həmin o tərbiyəsiz uşağın ürəyinə məlhəm olacaq, nə qədər yeniyetməni belə saymazlığa sövq edəcək, nə qədər uşaq yaramazlığı ilə sinifdəki başıboz qızların hörmətini qazanmış tərbiyəsizə baxıb, oxumaqdan vaz keçəcək, bilmirəm. Amma, müəllimi cəzalandırmaqla heç nəyə nail ola bilməyəcəyimiz dəqiq bəllidir...
Mən, “günah keçisi” axtarmaq fikrində deyiləm, heç, mütləq həqiqətə də bir iddiam yoxdur. Eləcə, istəyirəm vəziyyəti araşdıram, çünki söhbət gələcək nəslimizin tərbiyəsindən gedir.
Əvvəla, tərbiyə cəmiyyətdən başlamalıdır. Biz, cəmiyyət olaraq, tərbiyəsizliyə qarşı hər yerdə dözümsüz olmalıyıq. Son iki-üç ili çıxıram, amma o vaxta kimi, istisnasız olaraq, rüşvətxoru masanın başına keçirirdiksə, bisavadı gətirib savadlının rəhbəri edirdiksə, məmurun öz balasına neçə milyonluq toy etməsini nifrətlə yox, həsədlə süzürdüksə, seçdiyimiz müəllimlər məvaciblə dolana bilmədiyindən şagirdinin əlinə baxmağa məcbur olurdusa, imkanlı ailədən çıxan tərbiyəsiz və bisavad uşağı gözümüzün üstündə saxlayıb, imkansızı onun ayağına verirdiksə, məktəb direktorunun qulu kimi davranıb həyatını birtəhər yola verən, müdirinin murdar əməllərinə göz yuman müəllim bizim üçün adi bir şeyə çevrilirdisə, deyin, kimdən, nə ummalıyıq indi?..
Absurda bax ki, müəllimin indi əsas qorxusu valideyn şikayəti, bir də, müdirin ona olan münasibətinin pisləşməsidir. Bilir ki, alacağı məvacib verdiyi təhsilin səviyyəsindən deyil, müdirindən, taleyi isə şikayətdən asılıdır. Hüquqsuz olduğundan, beş manatın çatısını boğazına keçirib, ayıbına kor olur, barışıb, oturur. Bilir ki, onun hüququnu azğın və tərbiyəsiz uşaqlardan nə direktor qoruyacaq, nə rayon, şəhər təhsil şöbəsi, nə də, nazir. Fikirləşir ki, məktəbdə düz-əməlli dərs deyib, özümü yorana kimi, beş-on uşağa repititorluq eləyərəm, pulumu qazanaram, direktorun da haqqını verərəm, balalarımı da dolandıraram.
Kimsə yaranmış bu vəziyyətdə, uşağa anadan olandan düz yeddi yaşına kimi tərbiyə verməli olan ailəni günahlandırmağa meylli deyil. Niyə, çünki ailə elə özləridir də. Kim özünü günahlandırar ki? Deyirlər ki, ailə neynəsin axı? Valideyn neynəsin ki, uşağı ilə eyni cəmiyyətdə yaşayır, uşağı ilə eyni şeyləri görür, haqsızlığa, cəzasızlığa birlikdə dözür? Ailələrdə uşağın tərbiyəsi üçün cavabdeh olası insan qalmayıb. Ata-ana işləyir, uşaq da, internetdəki tərbiyəsizlərin ümidinə qalır.
Məncə, əsas dərdimiz cəmiyyətdəki təbəqələşmədir, bizim axırımıza çıxsa, o çıxacaq. Təbəqələşmə təbii ki, həmişə olub, amma indi aradakı uçurumun dərinliyindən göz qaralır. Amma, onu da deyim ki, bu, bütün dünyaya xas olan bir şeydir. Sadəcə, bizdə patriarxal qaydalar daha kəsərli olduğundan, mentalitet böyük-kiçik, savadlı-bisavad, yaxşı-pis, halal-haram üzərində kökləndiyindən, nisbətən gec korlanmışıq. Amma, bu gedişlə çox keçməz, hamını ötərik...
Qayıdaq artıq gündəmə çevrilmiş tərbiyəsiz şagird məsələsinə. Bəyənmədiyiniz sovet dövründə məktəbdə xüsusi tərbiyəsizliyi ilə seçilən uşaqlar bir-neçə xəbərdarlıqdan sonra, pedaqoji şuranın qərarı ilə, məhz tərbiyə təmayüllü məxsusi internat məktəblərə göndərilirdi. Özü orada tam islah olunmasa belə, uşağın sinif yoldaşlarına pis örnək göstərib, onları poza bilməməsi üçün, onu həm öz məktəbindən, həm də, elə cəmiyyətdən təcrid edirdilər. Bilmirəm nə qədər faydası vardı, amma şagirdlərin müntəzəm çıxdaş olunması, bəzisinin internata, digər qismini peşə məktəbinə göndərilməsi öz bəhrəsini verirdi deyəsən. Mənim oxuduğum sinifdə əvvəl 40 şagird vardısa, məktəbi iyirmi doqquz uşaq bitirdi və hamısı bir nəfər kimi, ali təhsil müəssisələrinə girdilər...
Mən indi məktəbdəki müəllimlərimi tez-tez xatırlayıram. Özü də, inanın ki, əzazil, amma gülərüz, haqqı-nahaqqa verməyən, cəzanı da ədalətlə verən müəllimlərimi daha böyük məhəbbətlə yada salıram. Valideynimizi məktəbə çağıran müəllimdən o vaxtlar xoşumuz gəlməsə də, sözündən çıxmamağa çalışırdıq. Bilirdik ki, ata-anamız məktəbə gəlib, məsələni bilsə, evdə elə danlanacağıq ki, müəllim yalan olacaq. İlbəil, daha çox sevirəm müəllimlərimi.
Atalar deyir ki, ellə gələn bəla toy-bayramdır. Təhsil bəlası hamının rastlaşdığı, hamının əziyyət çəkdiyi şeydir. İnandırım sizi, nə etsək, cəmiyyət olaraq, biz edəcəyik. Bunu məmurlardan gözləməyin, çünki qəbiristanlığımız kimi, balalarımızın oxuduğu məktəblər də fərqlidir. Məmurdan iş gözləyiriksə, özəl, pullu məktəblər də bağlanmalıdır ki, adi məktəblərin durumundan barı xəbərdar olsunlar. Özəl məktəblər bağlanmayacaq, bəllidir. Ona görə də, ümid elə özümüzə qalır. Atalar necə deyir? Güc, doğana düşər...