Ordum varsa, yurdum var... - BİZİM ŞƏRH

Uşaqlığımız sovet dövrünə düşüb. O zaman sevdiyimiz kinolar təbii ki, İkinci Dünya müharibəsindən və SSRİ-nin faşizmə qarşı mübarizəsindən bəhs edən filmlər idi. Hər ilin 9 mayında SSRİ paytaxtında keçirilən hərbi parada baxıb köks ötürərdik ki, niyə Bakıda keçirilən paradlar Moskvadakı kimi möhtəşəm olmur?

 

Sonra sovetlər ölkəsi tənəzzülə uğramağa başladı. Bundan istifadə edən xain qonşularımız Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladılar. Müstəqilliyimizin ilk illəri Dağlıq Qarabağ və ətrafındakı rayonlarımızın işğalı ilə yaddaşımıza həkk olundu. Səbəb isə çox sadədir – çünki ordumuz yox idi.

 

Müdriklərdən hansınınsa sözüdür: “Sülh istəyirsənsə, müharibəyə hazır ol!” Yəni güclü ordun olsa, heç kim sənin əmin-amanlığını poza bilməz. Biz də sülh istəyirdik. Çünki sülhsevərlik və tolerantlıq azərbaycanlıların fitrətindən irəli gəlir. Tanrı bizi məhz bu cür yaradıb.

 

Sülh istədiyimiz üçün torpaqlarımızın işğaldan azad olunması üçün 30 ilə yaxın diplomatik danışıqlar prosesinə ümid bəslədik. Düşündük ki, indi orta əsrlər deyil, XXI əsrdir. Dünya bu qədər ədalətsiz olmamalı, Azərbaycanın BMT və beynəlxalq hüquq tərəfindən tanınmış ərazi bütövlüyünün bərpasına nail olmaq üçün işğalçını yerində oturtmalı idi. Amma yanılmışdıq. Çünki dünya güclünü qalib sayan, gücsüzü görməzdən gələn köhnə dünya idi.

 

Yanılan isə təkcə biz deyildik. Elə qoca dünya da yanılmışdı. Üç əsrdən çoxdur tarixi torpaqları zaman-zaman əlindən alınan ən sülhsevər xalqın səbir kasasının bir gün daşacağını və silaha əl atacağını heç kəs gözləmirdi.

 

Kimsə gözləmirdi ki, patronu qurtaran əsgər düşmən səngərinə əliyalın girib, işğalçı zabiti əlləri ilə boğacaq.

 

Kimsə gözləmirdi ki, şəhid anası göz yaşlarını gizlədib, övladının tabutu altına girəcək.

 

Kimsə gözləmirdi ki, şəhid atası oğlunun cənazəsini qarşılayarkən qurban kəsəcək.

 

Kimsə gözləmirdi ki, qardaşını və həyat yoldaşını itirən gəlin kameralar qarşısında məğrurluq pozu verəcək.

 

Kimsə gözləmirdi ki, iki oğlunu qurban verən valideynlər Ali Baş Komandana “nəbadə müharibəni dayandırasan” tipli teleqramlar vuracaq.

 

Kimsə gözləmirdi, amma bütün bunlar Azərbaycanda baş verirdi. Bu sadalananları 44 günlük müharibə ərzində canlı yaşadıq, amma qələmə alarkən belə adama yuxu kimi gəlir. Çünki bu, Vətən Müharibəsi idi. Bu, 30 illik işğaldan bezən xalqın öz qüruru və şərəfi uğrunda müharibəsi, həm də susqunluğu ilə işğalçıya faktiki olaraq dəstək verən dünyanın ədalətsizliyinə etirazı idi.

 

Azərbaycan xalqı 44 gün ərzində tarix yazdı. Ali Baş Komandanı, ordusu, həkimi, müəllimi, kəfən pulunu Silahlı Qüvvələrə Yardım Fonduna köçürən təqaüdçüsü, satdığı meyvələri əsgər kolonuna bağışlayan kəndlisi ilə.

 

Biz təkcə öz tariximizi yox, həm də regionun və dünyanın tarixini yenidən yazdıq. Alman faşizmindən daha qədim olan erməni faşizminə dəmir yumruğumuzla sarsıdıcı zərbə vurduq. Post-sovet məkanında 1945-ci ildən sonra keçirilən ilk Qələbə paradına da biz imza atdıq. Hamı gördü ki, bu xalq torpaqlarının işğalına 30 il səbir edə bilər, amma bununla barışa bilməz. Çünki onun qətiyyətli Ali Baş Komandanı və yaşı 103 olsa da, özü gənc və güclü ordusu var.

 

Xalq şairi Zəlimxan Yaqub demişkən, ordum varsa, yurdum var!

 

Qalib kimi qeyd etdiyin ilk yaradılış günün mübarək, Azərbaycan Əsgəri!

 

Cavid İsmayıl

Müəllif | Apa.Tv
Apa.tv