Bizə kərə yağı adı ilə görün nə satırlar: Sarı yağlara diqqət! - APA TV

İstehsalat sahəsində texnoloji inkişaf özü ilə bərabər sürətli süniləşməni də gətirir. Ən çox süniləşməyə məruz qalan isə qida sənayesidir desək, yanılmarıq. İndi dünya bazarında elə bir məhsula rast gəlməzsən ki, sini qatqılar vurulmasın, sintetikləşdirilməsin. Sudan tutmuş, yumurtaya qədər hərşeyin saxtasına, kimyəvi qatqılarla hazırlanan növlərinə rast gəlirik. Bu cür məhsullardan biri də hər gün istifadə etdiyimiz kərə yağıdır.

 

Bəs marketlərdə bizə təqdim edilən onlarla kərə yağı növünün arasından saxta olmayanı necə seçək?

 

Sualımıza cavab tapmazdan öncə gəlin görək təbii kərə yağı necə hazırlanır...

 

1 kq xalis kərə yağının alınması üçün təxminən 20 kiloqramdan artıq süd sərf olunur.

Kərə yağının tərkibinə qatılmasına icazə verilən inqrediyentlər xörək duzu, təhlükəsiz laktan turşusunun başlanğıc kulturaları və ya qoxu yaradan bakteriyalar və içməli sudur. Tərkibində minimum süd yağının miqdarı – 80 faiz, maksimum su miqdarı – 16 faiz, maksimum qeyri-yağ tərkibli südün quru maddəsinin miqdarı – 2 faiz olmalıdır. 

 

Standarta görə, markalanma zamanı məhsulun adı "Kərə yağı" kimi qeyd edilməlidir.  Bu ad müvafiq xüsusiyyətlərlə birlikdə 95 faizədək yağlılığa malik kərə yağları üçün istifadə edilə bilər. 

 

Bəs saxta yağı hansı xüsusiyyətlərindən tanıyaq?

 

Mütəxəssislər bildirirlər ki, saxta yağların tərkibinin əsas hissəsi trans, bitki və ya palma yağlarından ibarət olur. Bəziləri isə quru süddən, naməlum heyvanların iç yağından, piylərdən, mənşəyi bilinməyən kimyəvi materiallardan hazırlanır. Bunlara isə xüsusi maddələr qatılır ki, kərə yağının dadını və ətrini versin. Bundan başqa, əldə edilən qarışıma kərə yağı əvəzedicisi kimi tanınan kimyəvi qarışıq vurulur.

 

Qida texnoloqu Ağa Salamov deyir ki, kərə yağını tavaya atıb əridərkən, köpük salması mütləqdir: “Soyuducudan çıxaranda kəsərkən, kəsiklər əmələ gəlib tökülürsə, bu da onun saxtalığından xəbər verir. Əsl kərə yağı xətlər əmələ gətirsə də, düz şəkildə kəsilməlidir. Didilib tökülməli deyil. Saxtalaşdırılmış kərə yağları çox vaxt marqarinlər olur. Üzərində də yazılır “kərə yağı”, “kərə dadlı yağ” onlardan bir az çəkinmək lazımdır. Çünki bəzən görürük ki, hidrogenlə doydurulmuş kərə yağları satışda olur və çox təəssüf ki, kərə yağı adı altında satılır, ama üstündə yazıldığı kimi 82% kərə yağı olmur”.

 

Ağa Salamovun sözlərinə görə, kərə yağının təbiiliyini öyrənmək üçün ilıq sudan da istifadə etmək olar. Suya atdığımız yağ parçalanırsa, topa hal alırsa, deməli, kərə yağından söhbət gedə bilməz. Yaxud suyun rəngi dəyişsə, deməli yağa boya əlavə edilib: “Rəngi qızılı sarı olan kərə yağı orqanikdir” ifadəsi isə yanlışdır. Alış-veriş mərkəzlərində bu rəngdə tərkibində qatqı maddələrinin olduğu kifayət qədər çeşidlər mövcuddur. Araşdırmalara görə, işıqda rəngi bir qədər ağa çalan yağlar daha orqanik hesab edilir. Azacıq sarımtıllıq yaşıl otun inək südünə verdiyi çalardan ola bilər. Bu da yalnız isti fəsillərdə mümkündür. Unutmayın ki, yağın rəngi mütləq bərabər olmalıdır. Zolaqlar, dəyişən rənglər kərə yağına xas deyil! Tünd sarı, narıncı rəngdədirsə deməli, yağa boya maddələri qatılıb. Keyfiyyətli yağın ətri paketi açan kimi bəlli olur, buna görə də aldığınız kərə yağının paketində ətri gəlməzsə, bu, onun saxta olduğundan xəbər verir. Bundan əlavə, bişirilərkən yayılan iştah açıcı ətri də kərə yağının təbii olduğunu göstərir”.

 

Xalis kərə yağı öz formasını saxlayır və bərk olur. O, nə büküldüyü kağıza, yəni qablaşdırmaya, nə də bıçağa yapışır. Xalis kərə yağı tez yumşalmır. Marqarinin tərkibindəki bitki yağları isə istiyə çıxan kimi yumşalır. Kərə yağı topaclanmır və çörəyin üzərinə bircinsli qat kimi çəkilir.

 

İsti tavaya atılmış kərə yağı yavaş-yavaş əriyir. Spred isə istinin təsirindən dərhal yumşalıb axır. Əritdikdə də kərə yağı özünü dərhal göstərir: əvvəl südə çevrilir, sonra isə tortası dibinə çökür və rəngi şəffaflaşır.

 

Bütün bunlardan sonra istər-istəməz insanın ağlına bir sual gəlir: Bəlkə yağdan tamamilə imtina edim?

 

Qidalanma üzrə mütəxəssis Şəfa Yadigarovanın sözlərinə görə, bu mümkün deyil: “İnsanların sağlam qidalanması ən önəmli məqamlardan biridir. İnsan rasionu tam şəkildə olmalıdır. Burda yağlar da, zülallar da, faydalı karbohidratlar, meyvə, tərəvəz, çərəzlər də rol oynayır. Bəlkə də kimsə düşünür ki, yağdan tam şəkildə imtina etsə, daha sağlam olacaq. Ancaq bu yanlış fikirdir. Sadəcə, düzgün seçim olmalıdır. Hansı yağlardan istifadə etməliyik? Nə şəkildə istifadə etməliyik? Təbii ki, yağlar 2 yerə bölünür. Bitki yağları və heyvan mənşəli yağlar. Heyvan mənşəli yağlar, yəni kərə yağı bizim qida rasionumuzda olmalıdır. Çünki kərə yağından tam şəkildə imtina etsək, istər qadınların, istər də kişilərin orqanizmində bir sıra problemlər yaranar. Çünki xanımların estragen kimi hormonların sintez olunması üçün xolisterin lazımdır. Kişilərdə isə testestron kişi hormonunun sintez olunması üçün xolisterinə ehtiyac var”.

 

Terapevt Gülmira Hüseynova da deyir ki, saxtalaşdırılmış kərə yağları ürək-damar sisteminin fəaliyyətini pozur. Damarlar kirəclənir, qanda xolestrinin miqdarı artır. Bu da qara ciyər piylənməsinə səbəb olur: “Halsızlıq, iştahsızlığa epiqastral nahiyədə ağrılara, ürək bulanmaya səbəb olur.Çünki bu yağlar qara ciyərə ciddi ziyan vurur.Saxtalaşdırılmış yağların tərkibində olan zərərli maddələr orqanizmdə toplanır, və tədricən bir sıra xəstəliklərin yaranmasına səbəb olur”.

 

Mütəxəssislər onu da məsləhət görürlər ki, yağın dəyərindən çox aşağı qiymətə satılması da alıcıda şübhə doğurmalıdır. Bundan başqa, məhsulun saxlanma müddəti də öəmlidir. Təbii süd məhsulları tez xarab olduğundan, diğər süd məhsulları kimi, yağın da saxlama müddəti az olmalıdır. Təbii kərə yağı -18 dərəcə temperaturda təxminən 3 ay saxlana bilir. Bu müddət daha çoxdursə, deməli, istehsalçı şirkət yağa konservant qatıb, onun tərkibindəki bakteriyaları sənaye üsulu ilə öldürüb və beləcə kərə yağının bütün faydalılığını məhv edib.

Bütün bunlardan başqa, məhsulun üzərində tərkiblə bağlı qeydləri də diqqətlə oxumaq lazımdır. Çünki bir çox yağların tərkib məlumatlarında açıqca kərə yağı əvəzedicisindən hazırlandığı yazılır. Bəzilərinin üzərində qeyd olunur ki, kərə yağınını iştirakı ilə hazırlanıb. Yəni, bu məhsulun tərkibinə bir qədər kərə yağı da qatılıb. Sadəcə adı kərə yağı olduğundan əksər alıcılar, kiçik hərflərlə yazılmış tərkib məlumatlarını oxumadan bu məhsulu təbii kərə yağı zənn edərək alırlar.


Bəzən məhsulun üzərinə "kərə yağı dadlı" qeydinə də rast gəlirik. Bu da özlüyündə o deməkdir ki, həmin məhsulun tərkibində kərə yağından əsər-əlamət yoxdur.

 

Fidan Etibarqızı

APA TV

Müəllif | Apa.Tv
Apa.tv