Necə edək ki, maşın yağı satanlar bizi aldatmasınlar?

 

Bu gün yerli bazarda ən çox diqqət yetirməli olduğumuz məhsullardan biri də maşın yağlarıdır. “Düzgün seçim” layihəsinin bu buraxılışında maşın yağı alarkən nələrə diqqət etməli olduğumuzdan, saxta yağların yaratdığı fəsadlardan, saxta ilə orijinalı bir-birindən necə ayıra biləcəyimizdən danışacağıq. Öncə sürücüləri dinləyək: Mühərrik yağını mütəmadi şəkildə dəyişməliyik. Çünki yağ işləndikcə keyfiyyətini itirir və mühərrikin sıradan çıxmasına gətirib çıxarır. Buna görə də yağ seçimində çox diqqətli olmaq lazımdır. Avtomobilin tipi, yaşı bilinməli, mühərrikin plan resursundan neçə faiz istifadə olunduğunu müəyyənləşdirməli, aqreqatın istismar şərtləri nəzərə alınmalı və yağın keyfiyyət xarakteristikası öyrənilməlidir. Mütəxəssis deyir ki, istehsalçı mühərrik istehsal edərkən mühəndislər mühərikkə uyğun yağ təyin edirlər. Bu isə müəyyən kodlar vasitəsilə yağın üzərində təyin olunur. Yağ iki kateqoriyaya bölünür: «S» (service) və «С» (commercial). Benzin mühərrikləri üçün “S”, dizel mühərrikləri üçün “C” kateqoriyalı yağlardan istifadə edilir. Yağlar eyni zamanda qruplara bölünürlər. O ki qaldı maşının yağının dəyişmə vaxtına, sürücülərin rahatlığı üçün bu, nəqliyyat vasitəsinin neçə kilometr məsafə qət etməsilə ölçülür. Mühərrik yağı nə qədər keyfiyyətli olsa da, onun da istifadə müddəti var. Keyfiyyətli yağ töküb 15-20 min km yürüşdən bir dəyişmək də avtomobil üçün fəsadlar törədə bilər. Ekspertin sözlərinə görə, daim uzun məsafəli yollarda, həmçinin yüksək sürətlə sürürsünüzsə maksimum 10 000 km yürüşdən sonra yağ dəyişməlidir. Şəhər içi sürürsünüzsə, tıxaclarda və ya işıqforlarda dayandığınız vaxt soyutma yaxşı getmir və nəticə olaraq yağ çox “yeyilir”, ona görə də maksimum 7 000 km sonra yağı dəyişmək lazım olur. Xüsusi proqramlar, eləcə də bütün avtomobillərə aid olan manual kitapçada qeyd olunan bilgilərlə yağın miqdarını, həcmini müəyyən edə bilərsiniz. Kitabçanız yoxdursa, bunu “oil selector” adlı yağölçən internet saytı ilə də öyrənmək olar. Saxta məhsulun əlamətləri isə qapağın asanlıqla açılması, deformasiyaya uğramış qablaşdırma, qutunun çox sərt plastikdən olması, üzərində küar kodun olmamasıdır. Bu cür yağlar həm də daha aşağı qiymətə satılır. Qeyd edək ki, düzgün seçilməyən yanacaq, tozlu hava və tıxac yağın ömrünə mənfi təsir edir. Yağ alışı zamanı mütləq və mütləq qablaşdırma, etiket və möhürə ciddi diqqət yetirilməlidir. Təəssüflər olsun ki, indi ən tanınmış markaların məhsullarını da saxtalaşdırırlar. Buna görə də malın keyfiyyəti və ya saxtalığı ilə bağlı şübhəniz yarandıqda satıcıdan sertifikat tələb etməlisiniz.

AYGÜN CARÇIYEVA, RASİM BƏHRAMİ, APA TV

Müəllif | Apa.Tv
Apa.tv