Bizə şəkər yerinə satdıqları əslində nədir?

Bədənimizin enerji ehtiyacını ödəyən qidalardan biri də şəkərdir. Daha doğrusu, şəkərin tərkibindəki kaloridir. Hazırda isə əksər istehsalçılar şəkərə süni dadlandırıcılar qatırlar. Bu qatqıların isə şəkər dadında olsa da, demək olar ki, kalorisi olmur. Əslində bu tip dadlandırıcıların istehsal səbəbi insanların xəstəliklərə və artıq çəkiyə yol açmadan daha çox şəkər qəbul edə bilməsidir. Ancaq süni dadlandırıcılar əks təsir də göstərə bilirlər. Məsələn, istənilən süni dadlandırıcı metebolik hormon sayılan leptenin işini pozur. Belə ki, lepten hormonu beyinə nə zaman doyduğumuz barədə siqnal ötürür. Süni dadlandırıcılar isə bu hormonu “aldadaraq” hələ də bədənimizin qidaya ehtiyac duyduğu barədə yanlış siqnal verir. Nəticə doyduğumuz halda yeməyə davam edir, artıq çəkiyə dəvətnamə göndəririk. Süni dadlandırıcılar limitli miqdarda istifadə olunmadıqda, metobolizm də pozulur. Beləcə, insan şəkər xəstəliyindən tutmuş, xərçəngə qədər bir çox ciddi problemlərlə qarşı-qarşıya qalır. Qida üzrə ekspert Fərid Səfərov şəkər istehlakında nələrə diqqət etməli olduğumuzu açıqlayır: “Şəkərin, ümumiyyətlə, hamının qida rasionuna salınmaması daha çox tövsiyə olunur. Lakin istifadə etməməli olan insanlar isə orqanizmdə problemi olan insanlardır. Məsələn, qaraciyər problemi, xərçəng xəstəliyi olan insanlar, hamilə qadınlar, dərisində problem olanlar və s”. Üstəlik, süni şəkər əvəzləyicilərini adi şəkərdən fərqləndirən bir sıra özəlliklər daha ehtiyatlı davranmağımızı zəruriləşdirir. Belə ki; 1. Şəkərdən fərqli olaraq əvəzləyici tərkibinə görə həm kalorili, həm də kalorisiz ola bilər. 2. Şəkər əvəzləyicisi sintetik prosedurla hazırlanır və az enerji verir, ya da heç vermir. Alternativ dadlandırıcılar isə üç növə ayrılır və hamısının öz istifadə şəkli, faydası və çatışmazlıqları var. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, süni şəkəri təbii şəkərdən ayıran əsas xüsusiyyət onun daha şirin olmasıdır. Halbuki sukraloza, saxarin, aspartam və asesülfam kimi dadlandırıcılar süfrə şəkəri ilə müqayisədə bəzən 200, bəzən isə 700 qat daha şirin olur. Üstəlik, bu vasitələr kalori dəyərləri sıfır olduğu üçün qidalandırıcı maddə sayılmır. Təkcə aspartamı istisna hesab etmək olar. Fərid Səfərov təbii şəkəri yalnız meyvələrdən ala biləcəyimizi düşünür. Ancaq... Qida eksperti deyir ki, bizə təbii adla təqdim edilən şəkər məhsullarının da çoxu saxtadır. Bəs şəkərin təbii olub-olmadığını ev şəraitində necə öyrənə bilərik? Hər şeydən əvvəl, bir məhsulun təbiiliyini onun dadından anlamaq olar. Ancaq dad da bəzən aldadıcı olur. Buna görə də digər vasitələrdən istifadə etməyə ehtiyac yaranır. Məsələn, rəng. Çoxları düşünür ki, şəkər qəhvəyi rəngdədirsə, deməli, təbiidir. Ancaq məhsula süni dadlandırıcı vurulduğu kimi, süni rənglər də vurulur. Beləcə, sadə, ucuz şəkər tozu alıcıya daha keyfiyyətli və bahalı məhsul kimi sırınır. Bəs bunu necə anlaya bilərik? Şəkər ilıq suya qatılıb qarışdırılır. Suyun rəngi qəhvəyi olarsa, deməli, aldığınız şəkər saxtadır. Ancaq şəkər tozunun orijinallığını yoxlamağın tək yolu bu deyil. Məsələn, ilıq suya 1-2 qaşıq şəkər atın. Üstünə bir neçə damcı yod tökün. Su mavi rəngə boyanırsa, deməli şəkər saxta deyil. Və sonda... İstər süni, istərsə də təbii şəkər insan orqanizmi üçün faydalı hesab olunmur. Ancaq bu da faktdır ki, şəkərin tərkibindəki karbohidratlara ehtiyacımız var. Ya sünisi də, təbiisi də zərərli olan şəkərdən istifadəyə davam edəcəyik, ya da karbohidratı meyvələrdən, təbii bitkilərdən əldə edəcəyik. Seçim öz əlimizdədir...

Müəllif | Apa.Tv
Apa.tv